Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 14:04:18
“Payız adam”...

İnsanlarla fəsillər arasındakı harmoniyaya , bağlılığa diqqət yetirmisinizmi? Onlar da xarakterlərinə, yaşamlarına, fəaliyyətlərinə, düşüncə tərzlərinə görə sanki fəsilləri xatırladır. Çox vaxt da həmin fəsildə doğulduqlarına görə deyil, məhz xarakter oxşarlıqlarına görə olur bu bənzəyiş. Məsələn, mənim təsəvvürümdə görkəmli dilçi alim, pedaqoq, tərcüməçi, yaradıcı şəxsiyyət, filologiya elmləri doktoru, professor İlham Tahirov “payız adam”dır. 1963-cü ilin 8 iyununda-isti yay günündə Masallı rayonunun Miyankü kəndində dünyaya göz açan İlham Tahirovun sözlə portretini cızarkən gözümün önündə ancaq payız palitrasının rəng çalarları canlanır. Haqqında 60 illik yubiley yazısını da indi yazmağım bu düşüncə, söz adamının xarakter xüsusiyyətlərinin payız fəsli ilə üst-üstə düşməyi ilə bağlılığındandır deyərdim.

 


İlham Tahirov sözün tam mənasında fikir, söz, düşüncə adamıdır. Simasından, xarakterindən bir payız müdrikliyi boylanır, çoxşaxəli yaradıcılığı da payızın rəng çaları qədər rəngarəng, möhtəşəmdir, zəngindir. Xarakterində həm payız havasının ilıqlığı, mülayimliyi var, həm də sərtliyi, tələbkarlığı. Müəllim, alim, tərcüməçi-bir ifadəyə sığışdırsaq-işıqlı bir insandır İlham müəllim! AMEA- nın Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri olmaqla yanaşı çalışdığım Lənkəran Dövlət Universitetin Xarici dillər və tərcümə kafedrasının professorudur. 2014-cü ildən indiyədək Lənkəran Dövlət Universistetində müqayisəli tipologiya, semantik sahə, ingilis dilinin leksikologiyası, üslubiyyatı, filologiyanın müasir problemləri fənlərindən mühazirələr oxuyur, magistrant və doktorantlara rəhbərlik edir. Universitetdə ingilis dilli müəllimlərinin, bu dil üzrə ixtisaslı tərcüməçilərin hazırlanmasına böyük əmək sərf edir.

 


Tələbələrinin çox sevdiyi, müəllim həmkarlarının təcrübəsini sevə-sevə öyrəndiyi İlham Tahirov LDU-da həm də gözəl bir təşəbbüsə, ilkə imza atan ziyalılarımızdandır. Tələbərin az tapılan dərsliklərə, elmi nəşrlərə ehtiyacını nəzərə alaraq öz şəxsi kitabxanasından yüzlərlə kitabı universitet kitabxanasına hədiyyə etməklə gözəl bir ənənənin təməlini qoyub. İlham müəllimin bu xeyirxah addımından sonra digər müəllimlər də bu təşəbbüsə qoşulub, şəxsi kitabxanalarından universitetin elmi kitabxanasına pay ayırıblar.

 

Prof. İlham Tahirovun elmi fəaliyyəti olduqca çoxşaxəlidir. O, ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika, dil əlaqələri, qədim dillər və mədəniyyətlərin tədqiqi məsələ­lərinə həsr olunmuş 6 monoqrafiya və kitabın, 5 proqram, 100-dən çox məqalə və tezisin müəllifidir. Haqqında yazıldığı kimi: “Əsərlərində sahə nəzəriyyəsində funksional-semantik sahənin mərkəz-periferiya struktur tipinin müəyyənləşdirilməsi üçün tətbiq edilən diferensial əlamətlərə bir binar cütlüyün əlavə edilməsini təklif etməklə nəzəri fikri zənginləşdirmiş, Azərbaycan dilçiliyində dilin bütün səviyyələrində temporallığın (zaman münasibətlərinin) ifadəsini araşdıraraq, zaman münasibətlərini funksional-semantik sahə kimi təqdim etmiş, leksik və sintaktik temporallıq məsələlərini Azərbaycan dilinin materialı üzrə ilk dəfə olaraq tədqiq etmiş, leksik temporallıq sahəsinin struktur-semantik modelini qurmuş, Azərbaycan dilində dialekt və şivə səviyyəsində alınma sözlərin fonetik, qrammatik təbiətini və leksik-semantik xüsusiyyətlərini araşdırmış, qədim alınma sözlər layını aşkarlamışdır”.

 


Metodika, hüquq, beynəlxalq hüquq və siyasətin fəlsəfəsinə dair ingilis və rus dillərindən etdiyi tərcümələri İ.Tahirovu bu sahənin peşəkarı kimi tanıdıb, hörmət qazandırıb.

 


Prof. İlham Tahirovun elmi, pedaqoji fəlaiyyəti, zəngin yaradıcılıq yolu, elmi kadrların hazırlanmasındakı xidmətlərindən çox yazmaq olar. Elə yazacaqlarımızı, deyəcəklərimizi bir cümlədə bitirmək də: Sadə, sevilən, həyatda yerini tapan, işıqlı insan-60 illik yubileyiniz mübarək!


Esmira İsmayılova


Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri