Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-03 09:12:21
UNEC əməkdaşları Portuqaliyada təcrübə mübadiləsində olublar

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı Gültac Tahirli universitetin tərəfdaş olduğu və Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycan ali təhsil müəssisələrində dayanıqlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” mövzusunda layihə çərçivəsində Portuqaliyanın Ali Texniki İnstitutunda təşkil olunan təlimlərdə iştirak ediblər.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, təlimlərin məqsədi sahibkarlıq və innovasiya fəaliyyətlərinin universitetlərdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycan universitetlərində tətbiqi imkanlarının araşdırılması olub.

 

Beş gün ərzində reallaşdırılan təlim proqramında iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyaları, texnologiya əsaslı sahibkarlıq proqramları haqqında təqdimatlarla tanış olublar və müzakirə aparıblar. Eyni zamanda, Lissabondakı bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərində olublar.

 

UNEC-in Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev təqdimatla çıxış edərək, UNEC-in İnkişaf Strategiyasınən hədəflər və məqsədləri barədə iştirakçılara məlumat verib. O, sahibkar universitetə çevrilmək məqsədinin reallaşdırılması istiqamətində UNEC-in müəyyənləşdirdiyi hədəflərdən və görülən işlərdən danışıb.

 

Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Gültac Tahirli isə universitetlərdə dayanıqlı sahibkarlıq ekosisteminin formalaşdırılmasının müasir problemlərini əhatə edən mövzuda qrup işi təqdimatı ilə çıxış edib.

 

Səfərin sonuncu günündə UNEC əməkdaşları Lissabon Ali Texniki İnstitutunun Beynəlxalq ofisinin əməkdaşları ilə görüşüblər. Görüşdə UNEC ilə Lissabon Ali Texniki İnstitutu arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.