Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-18 11:52:53
Füzulidə bağça inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb

Prezident İlham Əliyevin oktyabrın 16-da Füzuli şəhərində təməlini qoyduğu 240 yerlik uşaq bağçasının inşası üçün 2,4 hektar torpaq sahəsi ayrılıb.

 

AzEdu.az  xəbər verir ki, bunu şəhərə təşkil olunmuş mediaturda Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov bildirib.

 

O qeyd edib ki, layihəyə əsasən, uşaq bağçası üçün əsas bina, oyun zonası, avtodayanacaq və texniki zona yaradılacaq.

 

Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx olacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək. Uşaq bağçasının həyətində oyun meydançaları salınacaq və digər zəruri infrastruktur yaradılacaq.

 

Azərbaycanda uşaqların təlim-tərbiyəsinə, sosial müdafiəsinin gücləndirilməsinə, vətənpərvərlik ruhunda və sağlam yetişmələrinə daim xüsusi diqqət yetirilir. Bu məsələ işğaldan azad olunan ərazilərdə də diqqət mərkəzində saxlanılır.