Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 16:24:41
DİM-in əməkdaşları “Naxçıvan Karyera Forumu”nda iştirak ediblər

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 5 oktyabr 2023-cü il tarixində Naxçıvan şəhərində karyera planlanması ilə bağlı “Naxçıvan Karyera Forumu” keçirilib.

 

AzEdu.az xəbər verir ki, forumun əsas məqsədi karyera məsləhət xidmətinin ölkəyə və iqtisadiyyata gətirəcəyi faydaların əhəmiyyətini çatdırmaq, karyera planlaması işinin keyfiyyətini artırmaq üçün yeni həll yolları təklif etmək, əmək bazarında baş verən tendensiyalar, çağırışlar və müasir trendlər barədə məlumatlılığı təmin etmək, həmçinin dövlət, biznes və qeyri-hökumət sektorunun nümayəndələri arasında koordinasiya və əməkdaşlığın qurulmasına dəstək olmaqdan ibarətdir.

 

Forumda Dövlət İmtahan Mərkəzinin Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov moderator, Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev və Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov nümayəndə qismində iştirak ediblər.

 

Forum zamanı dövlət rəsmiləri və karyera planlaması sahəsində peşəkar mütəxəssislər tərəfindən çıxışlar edilib, panel müzakirələri aparılıb və mövzular çərçivəsində məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. Forum iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.