Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-07 10:24:55
AzTU əməkdaşları Estoniyada səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Universitet Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova Estoniyanın Tallin Texnologiya Universitetində (Taltech) səfərdə olub.

 

AzEdu.az xəbər verir ki, “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində təşkil edilən səfərin əsas məqsədi sahibkarlıq təhsilinin inkişaf etdirilməsi və ali təhsildə sahibkarlıq mühitinin formalaşdırılması üzrə Estoniya təcrübəsinin öyrənilməsi olub.  

 

Səfərin ilk günü Taltech universitetinin rektoru professor Tiit Land qonaqlara universitet haqqında ətraflı məlumat verib.

 

Təlim proqramı çərçivəsində peşəkar mütəxəssislər tərəfindən təqdimatlar həyata keçirilib. Təlimlər sahibklarlığın kurrikuluma inteqrasiyası, sahibkarlıq əlaqələrinin və sahibkarlıq təhsilinin sistemli inkişafı, Estoniya Tədqiqat və İnkişaf, İnnovasiya və Sahibkarlıq Strategiyası, eyni zamanda Estoniyada startap mühiti, sənayenin rəqəmsallaşması, elektron idarəetmə kimi mövzuları əhatə edib.   

  

Təlimin növbəti günlərində iştirakçılar “Mektori” adlanan Taltech İnnovasiya və Biznes Mərkəzinə səfər ediblər. “Mektori” bütün dünyadan olan tələbələrin, professorların, məktəblilərin və investorların bir komanda olaraq birlikdə yeni ideyalar və innovasiyalar yaratmaq üçün birləşdiyi şəbəkədir.

 

Estoniyanın Təhsil və Gənclər Şurasının nümayəndələri ilə görüşdə Sahibkarlıq və Karyera Proqramının meneceri Katrin Kivisild sahibkarlıq təhsilin inkişafından və ölkə üçün əhəmiyyətindən danışıb. Bildirib ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Estoniya bütün diqqətini sahibkarlıq fəaliyyətlərinin yüksək inkişaf etdirilməsinə və dünyanın ən rəqəmsal dövləti kimi tanınmasına yönəldib. Estoniya adambaşına düşən startap və unikorn (gəliri 1 milyard dollar olan startap) sayına görə dünyada birinci yerdədir.  

 

Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə keçirilən layihənin konsorsiumunun üzvü olan 11 Azərbaycan ali təhsil müəssisəsinin layihə üzrə məsul şəxsləri sahibkarlıq üzrə universitetlərdə həyata keçirilən fəaliyyətlər və planlar barədə təqimatlarla çıxış edərək təcrübə mübadiləsi aparıblar.

 

Qeyd edək ki, səfərdə Azərbaycan universitetlərinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri iştirak ediblər.