Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-30 15:44:47
İxtisas seçimində kövrək AN : az bal yığan qıza fəhlə atadan JEST

Ali təhsil müəssiələrinə ixtisas seçimi 28 avqust tarixində yekunlaşdı. İxtisas seçimi ilə bağlı konsultasiya verən ekspertlərin bir çoxu hər il fərqli situasiyalarla qarşılaşırlar.

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev builki ixtisas seçimi ilə bağlı təəssüratlarından və qarşılaşdığı qeyri-adi vəziyyətlərdən danışıb:

 

“İxtisas seçimi zamanı hər il fərqli durumlar olur. Seçimlərin olduğu dönəmdə bizə müraciət edən valideynlərin bir çoxu özünü fərqli formada tanıdır. Bildirirlər ki, biz övladımızın nə qrup, nə də ixtisas seçiminə qarışırıq. Məsələn, abituriyent I ixtisas qrupu üzrə imtahan verib və kifayət qədər az bal toplayıb. Ona anlatmağa çalışıram ki, sən texniki fənlərin olduğu bir qrupu deyil, humanitar fənlərin olduğu qrupu seçsə idin daha yaxşı bal toplaya bilərdin. İxtisas seçimi zamanı da yaxşı seçimlər etmək olardı. Niyə belə bir seçim etdiyini soruşanda cavab verir ki, bu qrupa yönəlməyimi valideynlərim istədi. Çünki onlar mühəndislik sahəsində komputer mühəndisliyi və ya informasiya texnologiyaları kimi sahələrdə çalışmağımı istəyirlər. Seçim özümün olsaydı, mən humanitar fənlərin olduğu qrupu seçərdim. Valideynlə biraz söhbət etdikdə aydınlaşır ki, onların hər hansı bir qohumu və ya tanışı bu sahələrdə çalışır və yaxşı gəlir əldə edir. Bu səbəbdən də validey övladını bu sahəyə yönəltməyə çalışır”.

 

Ekspert bir çox valideynin övladının potensialı, qabiliyyəti ilə maraqlanmadığından təssüflənir:

“Bir başqa misal daha göstərim. IV ixtisas qrupu üzrə imtahan vermiş bir abituriyent gəlmişdi. Ancaq olduqca aşağı bal toplamışdı. Niyə bu qrupu seçdiyini soruşanda deyirdi ki, əmim həkimdir və yaxşı gəliri var. Buna görə də ailəm mənim də həkim olmağımı istəyir. Təssüf ki, əksər valideyn övladının potensialı, qabiliyyəti ilə maraqlanmır. “Görəsən hansı ixtisasa yönəlsə, həm işini sevər, həm də yaxşı gəlir əldə edər”.

 

 

Müsahibimiz övladını regionlardan birinə göndərməkdən çəkinib xaricə göndərmək istəyən valideynlə də qarşılaşıb:

 

“Bir valideyn ixtisas seçiminə gəlmişdi. Övladı olduqca aşağı bal topladığı üçün regionlarda yerləşən təhsil müəssisələrini yazmağı tövsiyə etdim. “Mən övladımı oralara necə göndərim?!” deyib, bu təklifdən imtina etdi. Əgər övladının ali təhsil almağını istəyirsə, ən yüksək qəbul olma şansının bu olduğunu açıqladım. Valideyn isə övladını xaricə göndərməyi təklif etdi. Ölkə daxilində yerləşən regionlarımıza övladını göndərə bilməyən valideyn xarici ölkələrə göndərməyi üstün sayır. Düşünürəm ki, burada əsas səbəb başqadır. Valideyn hər hansı bir yerdə danışanda “Övladım xaricdə təhsil alır” deyə bilmək üçün belə bir seçim edir. Gəncə, Lənkəran, Quba və s. kimi regionlarımızın adını çəkmək istəmir”.

 

A.Vəliyev onu da əlavə edib ki, Bakının kəndlərindən bir nənə nəvəsi ilə ixtisas seçimi üçün ona müraciət edib:

 

“Nəvəsi dövlət sifarişli ixtisasda təhsil alacaq qədər yüksək bal toplamamışdı. Nənəsi ilə danışarkən o bildirdi ki, “mən gəncliyimdə təhsil almaq istəyirdim. Ancaq ailəm icazə vermədi”. İndi həmin taleyi qız nəvəsi yaşayır. Nənə təqaüdünü ödəmək şərtilə nəvəsinin təhsilhaqqını öz üzərinə götürür.

Bundan başqa İsmayıllı rayonundan bir ailə gəlmişdi. Qızları az bal topladığı üçün ancaq dövlət sifarişli təhsil ala bilərdi. Atası fəhlədir və onlara çox yük düşməsini istəmədiyi üçün qız təhsil almaqdan imtina edirdi. Ancaq atası onun müəllim olmaq arzusunu nə bahasına olursa olsun həyata keçirmək üçün çalışacağını bildirdi. İxtisas seçimi zamanı bunlar qarşılaşdığım xoş məqamlar oldu”.

 

A.Vəliyev ixtisas seçimindən sonra qruplar üzrə ixtisas ballarının vəziyyəti haqqında da məlumat verdi:

“Builki ixtisas seçimində I qruplarda dəyişiklik oldu. Bu dəyişiklik riyaziyyat-kimya istiqamətində balların artmasına, riyaziyyat-informatikada isə balların azalmasına səbəb olacaq. III qruplarda təqribi keçən ilki vəziyyət olacaq. II qruplarda isə diqqətli ixtisas seçimi edənlər üçün vəziyyət xeyli yaxşıdır. Bal limitini keçən abituriyentlərin bir çoxu qəbul olacaq. IV qruplarda isə keçənilkinə nisbətən enmələr müşahidə olunacaq”.