Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-30 09:14:36
Slovakiya universitetinin nümayəndəsi AzTU-da olub

Slovakiya Respublikasının Jilina Universitetinin Mexanika mühəndisliyi fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini professor İvan Kuliç ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, qonaq Texniki Universitetin rektoru Vilayət Vəliyev və digər nümayəndələr ilə görüşüb.

 

İvan Kuliç əvvəlcə təmsil etdiyi universitet haqqında geniş təqdimatla çıxış edib, AzTU ilə enerji, nəqliyyat və logistika, mexatronika sahələrində əməkdaşlığın qurulmasının önəmini bildirib.

 

İvan Kuliç Jilina Universitetinin layihələri haqqında da danışıb. “Horizon Europe” və “Erasmus+” proqramlarında AzTU ilə birgə iştirak istiqamətində əməkdaşlığın qurulacağı qeyd olunub.

 

Rektor Vilayət Vəliyev AzTU-nun Avropanın müxtəlif universitetləri ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Jilina Universitetinin beynəlxalq tədqiqatlar sahəsində geniş təcrübəsinin olduğunu vurğulayan rektor AzTU-nun bu təcrübədən yararlanacağını diqqətə çatdırıb.

 

Görüş zamanı birgə tədqiqatların aparılması və elmi məqalələrin yazılması, professor-müəllim heyəti və tələbə mübadiləsi, universitetlərin təşəbbüsü ilə konfransların təşkili istiqamətində əməkdaşlığın yol xəritəsi müəyyən olunub.