Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-27 10:12:00
Tələbələr üçün mühəndislik düşərgəsi...

Sentyabrın 11-14-də “Zuğulba” tədris-idman bazasında “Bir Könüllü” Tələbə Təşkilatı və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının yerli bölməsi “EESTEC Observer Baku”nun əməkdaşlığı ilə mühəndislik düşərgəsi təşkil ediləcək.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, düşərgədə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında bakalavriat (III-IV kurs) və magistratura səviyyələri üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Düşərgədə iştirak etmək istəyən tələbələr sentyabrın 5-dək Elm və Təhsil Nazirliyinin saytındakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Təlimlərin sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq.

 

Düşərgədə müxtəlif beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcəklər. Bununla yanaşı, layihələrin idarə olunması, kommersiyalaşma, mühəndislikdə idarəetmə ilə bağlı müxtəlif seminarlar keçiriləcək.

 

Qeyd edək ki, düşərgənin təşkilində məqsəd tələbələr və müxtəlif şirkətlərdə çalışan mühəndislər arasında əlaqələrin yaradılması, praktik biliklərin öyrədilməsi, mühəndisliklə bağlı dünyada mövcud olan yeniliklərdən tələbələri xəbərdar etmək, real əmək bazarının tələblərini öyrətmək, həmçinin asudə vaxtın səmərəli təşkilidir.