Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-27 09:43:00
Mil-Muğan RTİ-dən ekspertin korrupsiya iddialarına CAVAB
"Sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən qeyri-dəqiq məlumatların paylaşılması təhsilə inamı azaldır, eyni zamanda hüquqi məsuliyyət yaradır".
 
AzEdu.az xəbər verir ki, bunu Mil-Muğan Regional Təhsil İdarəsindən təhsil eskperti Kamran Əsədovun ittihamlarına cavab olaraq bildirilib:
 
 
"Mil-Muğan Regional Təhsil İdarəsinin strukturuna daxil olan Saatlı şəhər 5 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı bildiririk ki, 15 may 2023-cü il tarixdən çalışmanın yaş həddinə çatması ilə əlaqədar tərbiyəçi vəzifəsinə xitam verilməsi nəticəsində 5 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsi vakansiyası yaranmış və təlimatı qaydalara uyğun olaraq həmin vəzifə müsabiqəyə təqdim edilmişdir.
 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sisteminə daxil olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə qaydalara əsasən, müsabiqədə iştirak etmiş və yüksək nəticə göstərərək uğur qazanmış Cəfərova Sevinc Şakir qızının vakant vəzifəyə təyin olunması ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsinə 13 iyul 2023-cü il tarixli məktub daxil olmuşdur. Məktubun icra edilməsi ilə bağlı Saatlı şəhər 5 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsini müvəqqəti icra edən Cəfərova Pərvanə Cabir qızına məktubdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır.
 
Lakin Pərvanə Cəfərova məktubdan irəli gələn məsələlərin həll edilməsindən imtina etmiş, yaranmış 1,25 ştat vahidi tərbiyəçi vəzifəsindən 0,25 ştat vahidi körpələr evi-uşaq bağçasında 1,0 ştat vahidi ilə tərbiyəçi vəzifəsində işləyən Nəsirova Nərmin Rəmzi qızının, digər qalan 1,0 ştat vahidindən 0,25 ştat vahidi qeyri-ixtisas təhsilli tərbiyəçi vəzifəsində işləyən Rüstəmova Kəmalə Bəybala qızının, 0,75 ştat vahidi isə qeyri-ixtisas təhsilli tərbiyəçi vəzifəsində işləyən anası Cəfərova Ramidə Seyidrza qızının ştat vahidinə əlavə edilməklə müddətsiz əmək müqaviləsi bağlayaraq rəsmiləşdirmişdir.
Bununla bağlı Pərvanə Cəfərova Mil-Muğan RTİ-nə dəvət edilmiş, izahatı alınmış və qanunvericiliyə uyğun olaraq onun barəsində intizam tənbehi tətbiq edilməklə müdir vəzifəsinin həvaləsi ləğv edilmişdir.
 
Sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən qeyri-dəqiq məlumatların paylaşılması təhsilə inamı azaldır, eyni zamanda hüquqi məsuliyyət yaradır".
 
 
Qeyd edək ki, K.Əsədov RTİ-nin qanunsuz iş gördüyünü iddia etmişdi:
 
"Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbəri Rəşad Musayev Saatlı rayonunda yerləşən uşaq bağçasına kimdənsə pul alıb, hansı yolla olursa-olsun işə qəbul vədini verib. Gənc bağça müdiri də qanunvericilik aktlarına uyğun olaraq yeni işçi götürməyib, iş saatlarını mövcud olan işçiləri arasında bölüb".