Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 11:43:35
İşğaldan əvvəlki SONUNCU ZƏNG...

Bu yazını qələmə almaq fikrim yox idi. Məktəbimizin bir neçə məzunu telefonla əlaqə yaradıb nədənsə mütəəssir olduqlarını, qarışıq hisslər keçirdiklərini deyərək, məktəbimizin zəngi barədə yazmağımı istədilər. Razı olmadım. Aşağıda paylaşdığım videonu göndərdilər. Baxdıqdan sonra mən də çox təsirləndim, kövrəldim, qəhərdən boğuldum. Onların xahiş və israrlı tələblərini yerinə yetirmək məcburiyyətində qaldım və düşüncələrimi sizinlə bölüşmək istədim.

Əvvəlcədən xatırladım ki, zəng həmin tut ağacından 1960-cı ilin əvvəllərində asılıb.

Vaxtilə məktəbimizdə oxuyan elə bir şagırd varmı ki, bir dəfə də olsun tut ağacından asılan məktəb zəngini çalmamış olsun?

Elə bir müəllim, məktəb rəhbəri, texniki işçi varmı ki, məktəb zəngini çalmamış olsun?

Bahadur, Fərəc, Sifan, Əsəd müəllim kimi məktəb direktorları dəfələrlə zəngi çalıb-çaldırmayıblarmı?

Hüseynqulu, Gülməmməd, İbrahim, Pəri, Nuridə, Nubar, Asif, Famil və Kamil müəllim kimi dərs hissə müdirləri görəsən neçə dəfə zəngi çalıb-çaldırıblar?

Məktəbdə işləyən elə bir müəllim olubmu ki, zəngi çalmamış olsun?

Üç parakənddə yaşayan elə bir insan tapılmazdı ki, ayağı bu məkana dəyməsin. Bir dəfə də olsun zəngin yanından keçməmiş olsun.

Oruc müəllim - hər bir işə yüksək məsuliyyətlə yanaşan şəhid müəllimiz - qarlı günlərdə zəngin yanındakı ayaq izlərini gözümün önünə gətirirəm.

 

No description available.

Hikmət Əsəd oğlu

Mirələm İslam oğlu

Füzuli Qulu oğlu

Elsevər Serbiyə oğlu

Tural Elşad oğlu

Mütəllim Kərim oğlu

Pəhləvan Şərfalı oğlu

Ədalət Ramazan oğlu

Alı İbi oğlu

kimi şəhidlərimiz neçə dəfə zəngi çalıblar görəsən?

  
Hələ orta məktəb şagirdi ikən dağlarda doyüşən, ata-ananın tək oğul övladı, heç attestat almağa belə ömrü yetməyən Samir (Tiqana) Qədir oğlu - kim bilir neçə dəfə zəngi çalıb?

  
Dərsdə olan növbətçi müəllimlərin "kim gedib zəngi çalar" sualının ardını gözləmədən özünü sinifdən bayıra atan neçə nadinc şagirdlərimiz gözümün önünə gəldi.

  
İsti aylarda cədvəldə dərsi olmayan müəllimlərin zəngin yanındakı ərik ağacının kölgəsindəki skamyada əyləşmələrini xatırladım.


Bəzi uşaqların orada söhbət edən müəllimləri əsəbiləşdirmək üçün zəngi möhkəm səsləndirmələri gözümün önünə gəldi...

  
1989-cu ilin may ayının 25-i. Son zəng günü.

 



Onuncular bir neçə gün idi ki, tədbirə hazırlaşırdılar. Məktəblərdəki tədbirlərdə iştirak etmək üçün rayonun müxtəlif təşkilatlarından nümayəndə ezam olunardı. Həmin il bizim “Son zəng”  tədbirimizə "Kolxozçu" qəzetinin o vaxtkı redaktoru Hafiz Hüseynov göndərilmişdi. Zəngin asıldığı yerə yaxın olan siniflərin qarşısındakı dəhlizdə stollar, stullar düzülmüşdü. Demək olar ki, müəllimlərin, texniki işçilərin əksəriyyəti, bəzi valideynlər də tədbirdə iştirak edirdi.

  
Tədbiri açıq elan etdik. Dərs hissə müdirləri Asif və İbrahim müəllim, sinif rəhbərləri Ləliş, Firdovsi müəllim və başqaları məzunlara öz arzularını bildirdilər.

Söz şagirdlərə verildi.

Çox kövrək anlar yaşandı.

Aparıcı tədbirin sonunda məzunlardan kiməsə son zəngi çalmaq tapşırığını verdikdə yığıncağın qurtardığını zənn etdik. Hafiz müəllim stuldan qalxmaq istəyəndə məzun Əliyeva Səadət Fevral qızının yüksək, aydın intonasiya və kövrək səslə "Çalmayın sonuncu zəngi" şeirini söyləməsi onu təkrar yerində əyləşməyə məcbur etdi.

Həmin şeirdən bir neçə misranı paylaşıram:

 

Dayanın, çalmayın sonuncu zəngi!

Yoxsa ürəyimə toxunacaqdır.

Bir zaman "gəl" deyən o doğma səsdə

Bir hicran nəğməsi oxunacaqdır.

Zəngçalan, nə olar, əlini saxla.

Bu şagird ömrünü uzat bir an da.

Bu məktəb, bu bina, bax...bu divarlar

Mənim olmayacaq zəng vurulanda...

 

Bəli, o divarlar yüzlərlə şagirdimizin, hətta 1993-cü ilə qədər təhsil alanların belə olmadı...

 

  
Hafiz müəllim bu tədbir haqqında "Kolxozçu" qəzetində geniş yazı ilə çıxış etdi - ancaq başqa məktəbin adına. Səhəri günü Asif müəllimlə redaksiyaya getdik. And içdi ki, tapşırığı rayon Partiya Komitəsindən alıb. Kimdən aldığını israrla soruşsaq da demədi.


Növbəti nömrədə düzəliş edilməsini tələb etsək də nəticəsi olmadı.

  
Burda da güneylilərə olan ögey münasibət özünü göstərdi.

 

No description available.


Həmyerlilərimizin çaldıqları zəng həmin zəngdir. Təəssüf ki, şəhid məktəbimizdə 30 ildən sonra balta ilə çalınan zəng səsini indi heç kim eşitmədi-özlərindən başqa.

  
Amma buraxılış günü zəngi telefon dirəklərinə bağlanan əyri dəmirlə başqa biri döyəcləmişdi.

  
İndi qoltuqlarında jurnal müəllimlər otağına gələn də yox idi.

  
Ərik ağaçı da, skamya da yox idi.

  
Videodakı səhnə çox dəhşətli, kədər dolu, hüznlü bir görüntü idi.

  
Nədənsə sevinə bilmədik, əksinə çox qəhərləndik. Xoş xatirələri yada salıb ağlayanlar da oldu.  

  
Bəzilərinizin mənimlə danışığınızdakı hıçqırığınıza eyni cür cavab verdim.

  
Yazışmalarınızı oxuyanda hansı hala düşdüyümü görməyinizi istəməzdim.

  
Sizlərin də dediyiniz kimi, bu zəng gülmək üçün yox, nüəllimlərsiz, şagirdlərsiz şəhid məktəb üçün çalınırdı.

  
Orada olmayan müəllimləri, şagirdləri xaraba qalmış məktəbə çağırış zəngi idi, ona görə heç kim gəlmədi.

  
Bu zəng səsində etiraz, giley, kədər, inciklik, küskünlük, inilti olduğunu kim hiss etmədi ki?

  
Nədənsə yadıma 1993-cü ilin avqustu-işgal günləri düşdü. Yəqin düşmənlərimiz də zəngi dəfələrlə çalıb rişxəndlə bizim uşaqları səsləyiblər.


O zaman biz gücsüz idik.


İndi müzəffər ordumuz şəhidləriylə, qaziləriylə doğma torpaqları ziyarət etməyin yolunu açdı...

  

Elə idarə, müəssisə var ki, insan həyatı boyu ora ayaq basmır-məktəbdən başqa. Bu səbəbdəndir ki, xalqımız məktəblərə "Təhsil ocağı" adını veriblər. Ocağın hansı anlamda deyildiyini yaxşı bilirik.

  
Məktəbin xarabalığı da gözəldir-oraya hopmuş acılı-şirinli xatirələrlə.


O məkan yeganə yerdir ki, insanlarımızın səcdəgahına çevrilməlidir və çevrilir.   

  
Müəllim görəndə özümüzü yığışdırdığımız kimi məktəbi ziyarət edəndə də ona sitayiş etdiyimizi hiss etdirməliyik...

  
Ümid edirik, inanırıq ki, hər bir kənddə əvvəlkindən də yaxşı, müasir tipli məktəblər tikiləcək.

  
İlk zəng səsinin balaca fidanlarımızı işıqlı sinif otaqlarına səsləyəcəyi gün uzaqda deyil.

  
Hamıya həmin günləri görməyi arzulayıram.  

 

P.S. Sarvan Hüseynov Qazinin ürəyimcə olan bir arzusunu kənddə məskunlaşacaq insanlara çatdırmağı özümə borc bildim: "Həmin zəng gələcəkdə tikiləcək məktəbin muzeyində saxlanılsın".

 

No description available.

Rauf Əzizov,
Hikmət Allahverdiyev adına Balyand kənd orta məktəbinin direktoru