Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 12:44:05
Əməkdar müəllim, peşəkar rəssam - Xalq şairinin QIZI

Çöhrəsində qərar tutan gözəllik iç dünyasından qaynaqlandığı üçün təravətini hələ də itirməyib. Yaşı 65-ə yaxınlaşsa da, uşaqlar kimi saf və səmimidir. Nitqi rəvan, iti zəkalı, dərin təfəkkürlü, istedadlı xanımdır. Hər zaman nəsə yaratmaq eşqi ilə yaşayır. Uzun illərdir ki, Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müəllimidir.


“Türk xalqlarının mahnılarında intonasiya əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Hazırda “Azsaylı xlqların etnik musiqi əlaqələri Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi” adlı doktorluq dissertasiyası üzərində işləyir.


Respublikanın əməkdar müəllimidir. Həm də gözəl rəssamdır...

Deyir ki, “artıq 30 ildən çoxdur pedaqoji fəaliyyətlə yanaşı, rəssamlıqla da məşğulam. Bu sənətə gəlişim gözlənilmədən olub. Hər gün yeni ideyalar tapırdım. Onlar beynimə təsvir kimi yox, hekayə kimi gəlirdi. Qız qalasının, Misir piramidalarının sirrlərini əsərlərimdə açmaq istəyirdim. Bir gün hiss etdim ki, mən bunu bacarıram…”.

Söhbət Xalq şairi Nəriman Həsənzadənin qızı Xatirə Həsənzadədən gedir. Onun rəngli qrafik əsərləri az deyil, amma daha çox ağ-qara rəsmlər çəkir. Heç zaman çəkəcəyi rəsmi əvvəlcədən planlaşdırmır. Yalnız sonda məlum olur ki, nə çəkib. Sərgilərinin birində ondan hansı üslubda çəkdiyini soruşurlar, cavab verməyə çətinlik çəkir. Xalq rəssamı Rasim Babayev bildirir ki, bu yeni üslubdur. Qeyri-adi istedadı olan bu xanm, qrafikanın məlum üslublarını ram edərək əlavə bir cığır açıb. İndiyədək xeyli sərgiləri də təşkil olunub…

Onun rəssamlığından söhbət açsam da, əslində Xatirə xanım ixtisasca musiqişünasdır. Bir musiqişünas alim kimi də əməyi az olmayıb. Uzun illərdir ki, Azərbaycan mədəniyyətinə xidmət göstərir. Qeyri-adi dərəcədə istedadlıdır. Hazırcavab və yaxşı natiqdir, lakin sentimental və emosional deyil…

Onunla həmsöhbət olmaq çətindir, çünki deyəcəyin sözün dərhal məğzini anlayır, işin mahiyyətini qavrayır və söylənən fikrin sonunu artıq əvvəlcədən tamamlaya bilir.

Ümumiyyətlə, məzmunsuz, maraqlı informasiya verməyi bacarmayan, qeyri səmimi adamlardan uzaq gəzməyi xoşlayan Xatirə xanım özü bir tədqiqat obyektidir. Düşünürəm ki, nə vaxtsa, kimsə bu xanıma xas olan incəlikləri daha mükmməl araşdırıb, ictimaiyyətə təqdim edəcək…

İyunun 17-də 64 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı arzulayıram.


Çox yaşayın, Xatirə xanım!

Elman Eldaroğlu