Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 10:29:00
Tanınmışların Son zəng” xatirələri: “Xruşşova gül verməyi mənə həvalə etdilər” - MARAQLI

Bu gün ölkəmizin bütün ümumitəhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınır.

 

90 mindən çox şagird həyatın yeni mərhələsinə qədəm qoyacaq, özlərinin hədəf və seçimlərinin ardı ilə gedəcək. Şübhəsiz ki, 11-ci sinfi bitirən hər bir məzun üçün “Son zəng” günü sevinc, kədər və həyəcan dolu anlarla yadda qalacaq.

 

Vaxtilə “Son zəng”in acılı-şirinli anlarını yaşamış bəzi tanınmışlar öz xatirələrini AzEdu.az saytı ilə bölüşüblər.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Son zəng”dən sonra sinif yoldaşları ilə əlaqəni heç vaxt kəsməyib:

DİM sədri abituriyent və valideynlərə müraciət edib

 
“Düzünü desəm, mənim ən yaxın dostlarım və rəfiqələrim elə sinif yoldaşlarımdır. “Son zəng”dən sonra onların çoxu ilə əlaqəni kəsmədim. Kifayət qədər həkim dostlarım var ki, onlarla həm eyni sinifdə, həm də paralel oxumuşuq”.
 

***


Azərbaycanın Xalq artisti Flora Kərimova “Son zəng” tarixinin çox kədərli bir gün kimi yaddaşında qaldığını söyləyib:

 

“Əslində, “Son zəng” günü ilə bağlı heç də ürəkaçan xatirələrim yoxdur... Bu tarix həm anamın, həm də mənim çox ağrılı vaxtıma təsadüf edib. Ona görə də bu barədə geniş danışmaq istəmirəm...”.

 

*** 

Sabiq deputat Sona Əliyeva qeyd edib ki, məktəb illərində onun üçün ən maraqlı dövr, məhz 10-11-ci sinifdə oxuduğu zamanlar olub:

 Mən məktəbi 1996-cı ildə bitirmişəm. Bizim vaxtımızda da “Son zəng" indiki kimi təmtəraqla keçirilirdi. Çıxışlar, şeirlər, göyərçinlərin havaya buraxılması, “Son zəng”in çalınması... Tək fərq o vaxt vahid məktəbli formasının olmaması idi və “Son zəng”də kim necə istəyir elə geyinirdi.
 

“Son zəng”dən sonra mütləq şəkildə ailələr evində qonaqlıq təşkil edirdilər. Uşaqlar da sinif şəklində həmin qonaqlıqlarda iştirak edirdilər. Düzünü desəm, məktəbin son illəri mənim üçün daha maraqlı olub. Çünki təmayül sinifində oxuyurdum. Çox gözəl sinifimiz və sinif rəhbərimiz var idi. Rahilə Qurbanova Əməkdar müəllim idi. Biz ona hamılıqla “Yeriyən ensklopediya” deyirdik. Çox savadlı müəllim və repititor idi. Məktəb illərinin yalnız 10-11 siniflərinə qayıtmaq istərdim. O dönəmlərdə həddindən artıq dünyagörüşlü, savadlı uşaqlarla oxumuşam. Hətta xatırlayıram ki, bizim sinifdəki 27 uşaqdan 25-i ali təhsil müəssisələrinə qəbul olundu...”.

 

 ***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV-lə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Son zəng” ilə bağlı maraqlı xatirəsinin olmadığını qeyd edib:

Açıklama yok.

“Son zənglə bağlı xüsusi xatirəm yoxdur. Çünki imtahanlara hazırlığın yekun ayları idi. Daha çox oxuyur, daha çox çalışırdım. Arzular ili idi. Niyyətə çatmaq zəhmət tələb edirdi. Bütün məzunları təbrik edirəm”.

 

 ***

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə “Son zəng” xatirələrini belə xatırlayır:

 

“Mən 19 il bundan öncə Yasamalda yerləşən 286 saylı məktəbdən məzun olmuşam. “Son zəng”i yaxşı xatırlayıram. Sözün açığı məktəbi bitirməyimizə çox sevinirdik. Ancaq insan indi başa düşür ki, qayğısız illər onun həyatının bəlkə də ən xoşbəxt anlarıdır. Biz 26 nəfər idik. Köynəyimizə müxtəlif arzular yazıb şəkillər çəkdirmişdik. Məktəbdə olan rəsmi tədbirdən sonra gec saatlara qədər şəhərdə gəzməyimiz də yadımdadır. Sanki ətrafdakı insanlara artıq müstəqil həyata qədən qoyduğumuzu sübut etmək istəyirdik. Sinif yoldaşlarımla əlaqələrimiz indi də yaxşıdır. Vaxt olduqca, görüşüb xatirələri yada salırıq".


X.Xanlarzadə bütün məzunları təbrik edib, gələcək həyatlarında onlara uğurlar arzulayıb.

 

 ***

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov da “Son zəng”i unutmayıb:

 Açıklama yok.


“Hər birimizin həyatında unudulmaz, hər zaman xatırladığımız günlər var. Onlardan biri də məktəbi başa vurduğumuz gündür. İlbəil "Son zəng" tədbirləri məzmun və formaca təkmilləşsə də, mahiyyət eynidir. Həm sevinc var bu gündə, həm də məktəbdən, illərlə öyrəşdiyin, formalaşmağımızda müstəsna rolu olan müəllimlərimizdən ayrılmağın hüznü və üzüntüsü...".

B.Məmmədov "Son zəng"nin maraqlı və unudulmaz bir gün olduğunu vurğulayaraq o anlardan bir xatirə şəkli də təqdim edib:

Açıklama yok.

"Rayonda orta təhsil aldığım üçün həmin dövrün ənənəsinə uyğun olaraq "Son zəng" tədbirindən sonra sinif yoldaşlarımızdan birinin həyətində toplaşdıq. Öncədən nəzərdə tutulmuş şəkildə bir məclis quruldu, sonra isə bir az əylənib gəzintiyə çıxdıq. Yadımdadır, qızları yola salandan sonra axşam olsa da, oğlanlar ayrılmaq istəmirdilər... Maraqlı və unudulmaz bir gün oldu, hamı daha səmimi və qayğısız görünürdü. Bu, bəlkə də qayğılarla dolu bir həyatın astanasında olan qayğısızlıq idi, deyə düşünürəm. Yaxşı bir deyim var: əsl həyat yadda qalan günlərin cəmindən ibarətdir.
Yəqin ki, mütləq əksəriyyət məktəb həyatının son gününü ömrünün unudulmaz anı kimi əbədi xatırlayır. Yaş artdıqca bu, həm də insanın gəncliyinə olan nostalji hisslərinin ifadəsi kimi özünü göstərir. Bu əziz gündə bütün məzunları, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, müstəqil həyata qədəm qoyan gənclərə uğurlar və bol şanslar arzulayıram”.
 


***

Təhsil eksperti Nadir İsrafilov uzun illər keçməsinə baxmayaraq, “Son zəng” gününü çox yaxşı xatırlayır:

 

Açıklama yok.

“Həmin il 25 may tarixi bazar gününə düşdüyünə görə "Son zəng"i bir gün qabağa çəkmişdilər. Belə bir deyim var: “Hər şey keçmişdə qalır, amma heç bir şey keçmir.” Ola bilsin ki, bunlardan hansısa keçici xarakter daşısın, hansısa yaddaşlarda dərin iz buraxsın. Mənim yaddaşımda dərin iz buraxan hadisələr sırasında 1-ci sinfə qədəm qoyduğum 1 sentyabr günü və məktəbi bitirib məzun olduğum 24 may günü xüsusi önəm daşıyır. Niyə 1 sentyabr və 24 may? Çünki, məktəbə qədəm qoyacağım günü səbirsizliklə gözlədiyim və “Son zəng” günü qədər məsuliyyət daşıdığım başqa günü o qədər də dərindən xatırlamıram. Kimlərəsə məsuliyyət sözü qəribə gəlsə də, o vaxtlar “10-cular” adından “birincilərə” estafeti ötürmək böyük şərəf işi sayılırdı və məsuliyyət tələb edirdi. 

Yəqin, “10-cular” sözü də kimlərəsə qəribə görünə bilər. Bəli, biz 10-cu sinfi bitirdik, Halbuki, bizdən əvvəlki burxılış 11-ci siniflər idi. 1969-cu ildə belə qərara alınmışdı ki, ümumi orta təhsil müddəti 11 ildən 10 ilə endirilsin. Sonralar yenidən 11 illik təhsilə keçid edildi. Yəqin ki, təhsil tariximizlə az-çox maraqlananlar bilməmiş deyillər ki, “Son zəng” SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2015-cı ilə qədər isə mayın 31-də qeyd olunub. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası ilə 2015-ci ilindən etibarən ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir. “Son zəng” Azərbaycandan fərqli olaraq bir sıra ölkələrdə “Vida”, “Əlvida”, “Məzun günü”, “Sonuncu gün” və s. adlanır. “Son zəng” ifadəsi əsasən, Azərbaycan, Türkiyə və Rusiyada işlənir.


SSRİ dövründən söz düşmüşkən o dövrlərdə siyasi, ideoloji məsələlərə xüsusi diqqət yetirilirdi, pioner və komsomol fəalları məktəbin ictimai həyatında əsas həlledici qüvvə sayılırdılar. Hələ 1960-cı ildə, mən II sinifdə oxuyarkən sovet Azərbaycanının 40 illiyi münasibətilə 15 respublikadan ibarət Sovetlər Birliyinə rəhbərlik edən Sovet İttifaqı Qəhrəmanı, üç dəfə Sosialist Əməyi Qəhrəmanı,  Nikita Xruşşovun Azərbaycana səfəri zamanı qatarla bizim rayonun ərazisindən keçərkən, ona gül təqdim etmək şərəfinə layiq bilinmişdim. Sovet rəhbəri ilə görüşümüz məktəbdə nüfuzumu artırdı. Elə həmin günün səhəri sinif yığıncağı keçirib, məni “sinifkom” seçdilər və məktəbi bitirənə qədər də elə bu “postda” qaldım”.
 

N.İsrafilov həmin illərdə “Son zəng”in necə keçirildiyindən də söz açıb:

""Son zəng" tədbiri də ideoloji mahiyyətdən xali deyildi. Tədbirə əsasən rayon partiya və komsomol fəalları, müharibə veteranları, əmək qəhrəmanları dəvət olunurdular, rayon və kənd sovetinin deputatları çəlb olunurdular. Onların çıxışlarından sonra, məktəblilərin ifasında veteranların əmək qəhrəmanlarının şəninə şeirlər səsləndirilər, nəğmələr oxunardı. Onların yaxalarındakı orden və medallar bizlərdə qürur hissi yaradar, beynəlmiləlçilik və vətənpərvərlik ruhumuzu gücləndirərdi. Rəsmi hissə başa çatdıqdan sonra evə gedər, axşam saatlarında məktəbdə məzunlar üçün təşkil olunan “Mavi işıq” deyilən məzun gecəsinə hazırlaşardıq. Gecə əsasən kollektiv rəqslərdən ibarət olar, əyləncə xarakteri daşıyardı. Məktəbimiz beynəlmiləl məktəb olduğundan rus və milli rəqslər axşam saat 10-dək davam edərdi. Kiçik yaşlı məktəblilər məktəbin ərazisindəki hündür ağaclara çıxıb, həsədlə bizə tamaşa edərdilər.

 

Sonralar bu kimi tədbirlər bulvar gəzintiləri, bir ara isə “Son zəng”i çalınmamış uşaqlarla birlikdə ailəvi gəzintilərə, kollektiv səyahətlərə, özəl turlara start verildi ki, bu da istirahətdən gələn şagirdləri daşıyan avtobusun qəzaya uğraması və bir sıra digər xoşa gəlməz fəsadlarla nəticələndi. Nə yaxşı ki,  tədbirin hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, yaxud ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunması, tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirak etmələri kimi o dövrün ənənələri bu günədək qorunub saxlanılır.

 

Əsas fərq nədir? Çoxlarında nostaljiyə çevrilən ənənəvi “25 may zəngi”, bu günün özündə də əksəriyyət tərəfindən etirazla qarşılanan olan “14 iyun zəngi” ilə əvəzlənib. Ən başlıcası isə məktəb zəngi çalınmadan birbaşa zınqırovlu zəng çalınır. Yəni bir çox məktəblərdə məzunlar məktəbə daxil olmadan tədbirə yığışırlar. Halbuki, o dövrlərdə yalnız son dərsin zəngi çalındıqdan sonra, tədbir baş tutardı. Bu gün 9:00-da başlayan kim, 10:00-da başlayan kim, son zəngi gözləməyə hövsələsi çatmayıb, tədbiri bir gün qabağa belə çəkən kim... “Son zəng” ənənəsinə hörmət naminə olsa belə, heç olmasa 1 dərs də olsa parta arxasında oturub, məktəb zəngi çalındıqdan sonra tədbirə qatılmağı tövsiyə edərdim. Çünki, “Son zəng” ideyasını məktəb həyatının atributuna çevirənlər məktəb zəngini düşünüblər, zınqırovlu zəngi yox.. İstər melodiyalı zəng olsun, istər dəmir parçası ilə çalınan zəng, təki, bu zəng məzunları məktəbdən həyata səsləsin...”.


Ləman Novruz
Aysun Əsgərova
Firuzə Əliyeva