Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-11 11:30:00
MDU-da Məzun Günü keçirilib

2023-cü ilin iyunun 9-da Mingəçevir Dövlət Universitetində (MDU) ˝Məzun Günü-2023˝ tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, universitetin həyətində açıq havada təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Gənclər və İdman Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı, Mingəçevir şəhər təhsil sektoru və ümumi təhsil müəssisələrinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, əməkdaşları, tələbələr, magistrantlar və valideynlər iştirak ediblər.

 

Tədbir iştirakçılarını salamlayan universitetin rektoru Şahin Bayramov məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, belə bir əlamətdar gündə MDU ailəsi üzvləri ilə bir arada olduqlarına görə gənclər və idman nazirinə, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısına və digər qonaqlara təşəkkürünü bildirib. Cari ildə bakalavriat səviyyəsi üzrə 549 tələbə, magistratura səviyyəsi üzrə 50 magistrantın universitetdən məzun olduğunu diqqətə çatdıran rektor gənclərin həm yaxşı mütəxəssis, həm də layiqli vətəndaş kimi Vətənimizin hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verəcəklərinə inandığını söyləyib. Hazırda Azərbaycanın müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşadığını qeyd edən Ş.Bayramov ölkəmizin ərazi bütövlüyünün təmin edildiyi, işğaldan azad olunmuş doğma torpaqlarımızın sürətlə dirçəldiyi, bölgədə və dünyada nüfuzumuzun xeyli artdığı bir şəraitdə gənclər üçün daha böyük məsuliyyətin yarandığını və eyni zamanda daha geniş imkanların açıldığını vurğulayıb. “Heydər Əliyev İli”ndə məzun olmağın xüsusi sevinc hissləri doğurduğunu qeyd edən rektor gənclərin gələcək karyeralarında böyük uğurlara imza atacaqlarına əminliyini ifadə edib.

 

Gənc məzunlara təbriklərini və xoş arzularını çatdıran gənclər və idman naziri Fərid Qayıbov böyük coşqu və bayram əhval ruhiyyəsi ilə keçirilən Məzun Günündə iştirak etməkdən məmnunluğunu ifadə edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasətindən bəhs edən nazir bildirib ki, hazırda cəmiyyətin aparıcı qüvvəsini təşkil edən və gələcəyin təminatçısı olan gənclərimizin hərtərəfli inkişafına yüksək diqqət və qayğı göstərilir. 44 günlük Vətən Müharibəsində qazanılan tarixi Zəfərdə məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi dövründə yetişən gənclərin mühüm pay sahibi olduğunu qeyd edən F.Qayıbov müasir gəncliyimizin bütün cəbhələrdə, yarışlarda və fəaliyyət sahələrində yüksək hazırlıq səviyyəsinə, mübarizliyə, əzmkarlığa və intellektə sahib olmasının qürurverici olduğunu bildirib. Gənclərin universitetdən sonrakı dönəmdə də müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqlarının davamlı artırılmasının, cəmiyyətə fayda qazandıracaq könüllülük fəaliyyətlərində iştirakının əhəmiyyətini və sağlam həyat tərzinin önəmini vurğulayan nazir məzunlara uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov universitet həyatında önəmli hadisələrdən olan Məzun Günü münasibətilə MDU ailəsi üzvlərini təbrik edib. Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına və yüksək ixtisaslı milli kadrların hazırlanmasına hər zaman yüksək diqqət və qayğı ilə yanaşdığını bildirən İ.İsmayılov hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, ölkə başçısının müvafiq tapşırıqları və dəstəyi sayəsində respublikamızın dördüncü böyük sənaye şəhəri olan Mingəçevirdə təhsilin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığının artırılması və gənclərin hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılıb. MDU-nun respublikamızın dördüncü böyük sənaye şəhəri olan Mingəçevirdə yerləşən yeganə ali təhsil müəssisəsi olduğunu vurğulayan İcra Hakimiyyətinin başçısı son dövrdə bu universitetin modernləşmə istiqamətində atdığı mühüm addımların və əldə etdiyi çoxsaylı uğurların şəhər və ətraf rayonların ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib. Bildirib ki, regionun davamlı inkişafına töhfə verməyi əsas strateji hədəflərindən biri olaraq müəyyənləşdirən MDU bu gün çoxşaxəli fəaliyyətləri ilə şəhərin ictimai həyatında özünəməxsus və fəal mövqeyi ilə fərqlənir. Milli ali təhsil məkanında mövqeyini və tərəfdaş xarici ali təhsil müəssisələri arasında nüfuzunu davamlı gücləndirməkdə olan belə bir universitetdən məzun olduqlarına görə gəncləri bir daha təbrik edən İ.İsmayılov onlara səmimi arzularını çatdırıb.

 

Sonra, məzun valideynləri adından çıxış edən şəhid ailəsi üzvü Aygün Əhmədova övladının timsalında universitet təhsilini başa vuran bütün məzunları təbrik edib, onların bilik və bacarıqlara yiylənməsində və mütəxəssis kadrlar kimi yetişməsində böyük əməyi olan müəllimlərə təşəkkürünü bildirib.

 

Açılış nitqlərindən sonra akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlar, eləcə də cari tədris ilində bu ali təhsil müəssisəsinin müasirləşməsi və inkişafında fəallıq göstərən bir qrup əməkdaş, xarici ölkələrdən olan qonaq alim və mütəxəssislər fəxri fərmanlarla təltif edilib və xatirə şəkilləri çəkdirilib.  

 

Rəsmi hissədən sonra tədbir bədii və əyləncəvi hissə ilə davam edib. MDU-nun məzun tələbə və magistrantlarının təqdimatında müxtəlif mahnılar və rəqslər ifa olunub.

 

Sonda atəşfəşanlıqla başa çatan Məzun Günü iştirakçıların böyük sevincinə səbəb olub.