Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 09:13:52
Jurnalistin övladı 107 min dollar təqaüd qazandı

Ayxan Kazımlı UWC Changshu Kollecində təhsil alan ilk azərbaycanlı olacaq


Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyinin X sinif şagirdi Ayxan Kazımlı 2023-cü ildə UWC (Beynəlxalq Dünya Kolleci) proqramını qazanıb. Təxminən 107 000 dollar təqaüd alan Ayxan Kazımlı 2023-2024-cü tədris ilindən təhsilini Çində IB proqramı üzrə davam etdirəcək.


AzEdu.az
xəbər verir ki, UWC Azərbaycan Komitəsinin yaydığı məlumata görə, 2023-cü il üzrə seçim prossesi yekunlaşıb: “Seçim prosesindən uğurla keçərək, UWC Azərbaycan Milli Komitəsinin etimadını qazanmış Ayxan Kazımlını sizlərə təqdim edirik! Fizika, riyaziyyat, və informatika təmayüllü Respublika liseyinin şagirdi olan Ayxan Milli Komitənin təqdimatı əsasında Çində yerləşən UWC Changshu China Kollecində 2023-2025-ci illərdə tam təqaüdlə təhsil alacaq.
UWC Changshu Kollecində Azərbaycanı təmsil edəcək ilk şagirdimizi  təbrik edir və böyük uğurlar arzu edirik!".


Məktəbinin əlaçısı olan Ayxan 2022-ci ildə Beynəlxalq STEAM Azərbaycan Festivalında gümüş medalın sahibidir. İstedadını fərqli sahələrdə sınayan şagird tar ixtisası üzrə musiqi məktəbi məzunu olmaqla yanaşı, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən şahmat yarışında gümüş medal qazanmış, həmçinin “Məktəblilər üçün elektronika” təlim proqramını (Technest scholarship) uğurla tamamlayıb.


Bakı Amerikan Mərkəzində fəaliyyət göstərən "Green club" üzvü olaraq ətraf mühitin qorunması sahəsində iki illik fəaliyyəti ilə seçilən Ayxan kompüter elmi və ətraf mühitinin davamlılığı sahələrinə olan dərin marağını qurduğu online platformada təzahür etdirir. Platformasının əsas məqsədi həmyaşıdlarını dünyada müsbət dəyişiklik yaratmaq üçün texnologiyadan necə istifadə edə biləcəkləri barədə düşünməyə ruhlandırmaqdan ibarətdir.


Ayxan parallel olaraq "GuarantEdu" adlı start-up layihəsi ilə məşğul olur. Layihənin missiyası universitetlərə müraciət edən orta məktəb şagirdlərini hazırda həmin universitetlərdə təhsil alan tələbələrlə əlaqələndirərək, şagirdlərin məlumat və dəstək alması sayəsində universitet həyatına uyğunlaşma müddətini asanlaşdırmaqdan ibarətdir.


Yaşadığı mühiti texnoloji yeniliklərlə yaxşılaşdırmağı hədəfləyən Ayxanın ən böyük həvəsi texnoloji inkişaf, ətraf mühitin mühafizəsi və yeni biliklərə yiyələnmək kimi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməyə davam etməkdir.


Asudə vaxtlarını şahmat oynamaqla, tar və gitara kimi musiqi alətlərində ifa etməklə keçirən Ayxan həm də basketbol idman növü ilə məşğul olur.


Ayxan gələcəkdə kompüter elmləri sahəsində təhsil alıb fərqli həllər yaratmaq, reallaşdıracağı ideyaları ilə insanların həyatında əhəmiyyətli dəyişikliklər etmək və dünyamızı yaşam üçün daha yaxşı bir yerə çevirməkdir.


Qeyd edək ki, Ayxan Kazımlı jurnalist, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun oğludur.