Firudin Haşımzadə 1935-ci il dekabr ayının 7-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil alıb. 1957¬-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olaraq təhsilini SSRİ Elmlər Akademiyasının A.F.İoffe adına Leninqrad Fizika-Texnika İnstitutunda davam edib.

Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi başlayan Firudin Haşımzadə burada 1963–1968-ci illərdə böyük elmi işçi, 1968–1987-ci illərdə “Yarımkeçiricilər” laboratoriyasının müdiri, 1987–1993-cü illərdə “Güclü anizotrop kristallar fizikası” şöbəsinin rəhbəri olub. O, 1993–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun direktor müavini, 1994–2000-ci illərdə direktoru işləmiş, 2001-ci ildən ömrünün sonunadək baş elmi işçi vəzifəsində çalışıb.

Firudin Haşımzadə 1962-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1974-cü ildə professor elmi adını alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.

Akademik Firudin Haşımzadə səmərəli elmi fəaliyyəti ilə respublikamızda yarımkeçiricilər nəzəriyyəsi sahəsində elmi məktəbin bünövrəsini qoyanlardan biri kimi müasir fizika elminin inkişafına böyük töhfələr verib. Firudin Haşımzadənin bərk cisim nəzəriyyəsi sahəsində araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alim Keyn tipli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin nəzəriyyəsini yaradıb, aşağı ölçülü kvant sistemlərində yükdaşıyıcıların enerji spektrini müəyyənləşdirib, mənfi maqnitomüqavimətin əmələ gəlməsinin yeni mexanizmini aşkar edib.

Akademik Firudin Haşımzadənin araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 150-dən çox elmi əsərdə və bir monoqrafiyada öz əksini tapıb. Alimin rəhbərliyi altında fizika sahəsində 11 elmlər doktoru, 22 fəlsəfə doktoru hazırlanıb. O, bir sıra mötəbər beynəlxalq elmi simpozium və konfranslarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.

Firudin Haşımzadənin pedaqoji fəaliyyəti də təqdirəlayiq olub Onun 30 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində nəzəri fizika və bərk cisim nəzəriyyəsi elmi istiqamətləri üzrə oxuduğu mühazirələr təhsil ictimaiyyətinin rəğbətini qazanıb.

Akademik Firudin Haşımzadənin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1986-cı ildə “Antiferromaqnitlərin optik spektroskopiyası”na dair işlər silsiləsinə görə Elm və Texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına, 2015-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Firudin Məmməd Əli oğlu Haşımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

lham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Fərəh Əliyeva

Akif Əlizadə

Ceyhun Bayramov

İbrahim Quliyev

Rasim Əliquliyev

Nazim Məmmədov

Arif Paşayev

Bahadur Tağıyev

Cavad Abdinov

Çingiz Qacar

Ənvər Nəhmədov

Təyyar Cəfərov

Abel Məhərrəmov