Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 15:34:39
BMU-da yeni beynəlxalq proqramlar tətbiq olunacaq

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində mexanika və maşın mühəndisliyi üzrə tədris prosesində “KISSsoft”, “KISSsys” adlı beynəlxalq standartlara uyğun yeni dizayn, optimallaşdırma və hesablama proqramları tətbiq olunacaq.

 

AzEdu.az xəbər verir ki, proqramların mənimsənilməsi məqsədi ilə “KISSsoft AG” şirkətinin mütəxəssisləri tərəfindən BMU-nun Mexanika mühəndisliyi kafedrasının müəllim və tələbələri üçün beynəlxalq onlayn təlimlərə başlanılıb və artıq bu istiqamətdə ilk onlayn təlim gerçəkləşdirilib. Növbəti təlimin 19 may tarixində təşkili, eyni zamanda bu cür təlimlərin gələcəkdə davam etdirilməsi nəzərdə tutulur.

 

Mexanika və maşın mühəndisliyi sahələrində istifadə olunan sözügedən proqramların tətbiqi üçün BMU ilə İsveçrədə yerləşən “KISSsoft AG” şirkəti arasında 2023-cü ilin mart ayında imzalanmış müqavilə əsasında lisenziya alınıb. Hazırda proqramların Mexanika mühəndisliyi kafedrasının kompüter laboratoriyalarının serverlərinə quraşdırılması üzərində işlər gedir.

 

Beynəlxalq standartlara uyğun olaraq, maşın hissələrinin dizaynı, optimallaşdırılması və yoxlanılması üçün modul hesablama proqramı olan  “KISSsoft®” gələcəkdə materiallar müqaviməti, maşın mexanizmlər nəzəriyyəsi, maşın dizaynı, materiallar texnologiyası, maşın istehsalı texnologiyası və s. fənlərin praktiki tədrisində istifadə olunacaq.