Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-10 17:54:22
AzTU-da bu tələbələrə sertifikat təqdim olunub

Azərbaycan Texniki Universiteti (AzTU), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Təhsilin İnkişafı Fondu arasında imzalanmış müqaviləyə əsasən, 21 dekabr 2022-ci il və 31 mart 2023-cü ildə təşkil edilmiş IELTS imtahanlarında uğurlu nəticə göstərən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, AzTU-da keçirilən tədbirdə tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli çıxış edərək tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, IELTS imtahanlarında iştirak etmək müəllim və tələbələrin fərdi inkişafında, dil biliklərinin daha da inkişaf etdirilməsində müsbət rol oynayır. Bu prosesdə Təhsilin İnkişafı Fondunun dəstəyi isə mühüm əhəmiyyət kəsb edir.

 

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədr müavini Nərgiz İsmayılova fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

 

Çıxışlardan sonra IELTS imtahanlarında uğurlu nəticə göstərən tələbələrə Təhsilin İnkişafı Fondunun sertifikatı təqdim olunub.

 

Qeyd edək ki, sertifikat alan tələbələrin imtahan ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən geri qaytarılıb.