Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 16:12:00
İmtahan suallarını hazırlayanlar elə bilirlər ki, qarşılarındakı dosentdir - EKSPERT

Dövlət İmtahan Mərkəzinin (DIM) sədri Məleykə Abbaszadə bildirib ki, builki məzunlardan təxminən 800 nəfər buraxılış imtahanlarında xarici dildən 100 faiz nəticə göstərib. Riyaziyyatdan 100 faiz nəticə göstərənlərin sayı təxminən 600 nəfərdir. Onlar riyaziyyatdan 100 faiz nəticə əldə etsələr də, ana dilindən 85 faiz nəticə göstəriblər. Nəticədə heç kim 300 bal toplamayıb.
Diqqət çəkən məqam ondan ibarətdir ki, xarici dil və texniki fəndən makimum nəticə əldə edildiyi halda, ana dilində buna nail olunmayıb. Bəs Azərbaycan dili üzrə  maksimum bal toplaya bilməmək nədən xəbər verir?

 

AzEdu.az-a açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib ki, Azərbaycan dilini o qədər qəliz səviyyəyə çatdırıblar ki, abituriyentlər sualları cavablandırmaq üçün ya alim, ya da araşdırmaçı olmalıdırlar:

 

“Diqqət etsək görərik ki, Azərbaycan dili üzrə alimlik dərəcəsinə çatmış, ya da tədqiqatçı hesab etdiyimiz insanlar belə hər hansı bir mövzuda müzakirə edərkən müəyyən bir sözün yazılışı və ya deyilişi məsələsində razılığa gələ bilmirlər. Müxtəlif fikirlər səslənir və yekun qərar olmur. Ancaq xarici dillərdən biri olan ingilis dili və ya alman dilinə baxdıqda görürük ki, çox da qaydaya sahib deyillər. Qaydalar olsa belə, bizdəki kimi qarışıq tərzdə deyil. Konkret olaraq bir qayda var və şagirdlər və tələbələr həmin istiqamətdə hazırlaşırlar. İmtahan da verdikdə bizdəki kimi problem yaşamırlar.


Görün, suallar hansı səviyyədədir ki, heç bir azərbaycanlı şagird DİM-in imtahanında öz ana dilindən 100% nəticə göstərə bilmir, amma texniki fəndən və xarici dildən maksimum nəticə əldə edir. Başa düşülməlidir ki, imtahan verənlər şagirdlərdir, alimlik dərəcəsinə hazıraşanlar yox”.

 

Müsahibimiz, DİM sədrinin nitqindən çıxış edərək belə nəticəyə gəlir ki, biz öz standartlarımızı özümüzə tətbiq edə bilmirik:

 

“Məleykə xanım çox gözəl bir nüansı diqqətimizə çatdırır ki, həmin məzunların nəticələri həm bizim, həm də beynəlxalq təhsil standartlarına cavab verir. Yəni beynəlxalq standartlara riyaziyyat da, xarici dil də cavab verir, ancaq ana dilimiz cavab verə bilmir. Deməli, biz öz standartlarımızı özümüzə tətbiq edə bilmirik.

Düşündürücü sualların verilməsi normaldır, ancaq qarışıq sualların verilməsi normal deyil.

 

Azərbaycan təhsilinin dünya təhsilindən geri qalmasının səbəblərindən biri sualları hazırlayanların  qarşılarındakı şəxsləri abituriyent kimi yox, öz səviyyələrində - alim, dosent olaraq görmələrir. Gənclərimiz beynəlxalq arenalarda öz təhsil səviyyələri ilə seçilirlər. Ancaq ölkəmizdəki daxili imtahanlara gəldikdə, o nəticəni göstərə bilmirlər”.