Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 12:52:00
Qəbul imtahanlarının yoxlanılmasında subyektiv yanaşmanın qarşısı necə alınacaq? - DİM-dən açıqlama

2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq, hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Yeni test tapşırıqlarının yoxlanılması da yeni üsullarla olacaq. Cavabların yoxlanılması təkcə kompüterlə yox, ekspertlərin qiymətləndirilməsilə aparılacaq. Dövlət İmtahan Mərkəzi valideynləri tam əmin edib ki, yazı işlərinin yoxlanmasında heç bir insan faktoru qiymətləndirməyə hər hansı təsir göstərə bilməz. Yazı işlərinin qiymətləndirilməsi ümumi imtahan nəticələrlə birlikdə internet səhifəsində yerləşdiriləcək və hər bir abituriyent öz işi ilə tanış ola biləcək. 

Həmin tapşırıqlar Dövlət İmtahan Mərkəzinin “markerlər” adlandırdığı qrup tərəfindən yoxlanılacaq. Bəs yazılı cavabları yoxlayacaq “markerlər” qrupu DİM tərəfindən hansı tələblər əsasında seçilir və DİM insan faktorunun qiymətləndirməyə heç bir təsir göstərməyəciyinə necə təminat verir?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, kütləvi imtahanlarda yazı işlərinin qiymətləndirilməsi prosesini həyata keçirmək üçün DİM-də işlənib hazırlanan sistemdə markerlərin hazırlığı məsələləri çox mühüm istiqamətlərdən biridir.

Yazı işlərinin qiymətləndirilməsi zamanı qiymətin dəqiq olması qiymətləndirməni həyata keçirən markerin pedaqoji hazırlığından, ixtisas biliklərindən, kompüterdən istifadə bacarığından, fiziki və psixoloji iradəsindən, dəqiqliyindən, diqqətli olmasından, çevikliyindən, meyarla düzgün işləmə səriştəsindən, qiymətləndirməyə bilərəkdən və ya bilməyərəkdən subyektiv yanaşmalarından (yazı işini yoxlayan markerin yazı işinin müəllifini tanıyaraq ona bilərəkdən müsbət və ya mənfi yanaşması və yazı işini yoxlayan markerin özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşmaları) və bir sıra digər amillərdən asılıdır. Sistemin hazırlanmasında belə subyektiv təsirlərin sıfıra yaxınlaşdırılması üçün ciddi tədbirlər görülüb.

Bilərəkdən subyektiv yanaşmanın (yazı işini yoxlayan markerin yazı işinin müəllifini tanıyaraq ona bilərəkdən müsbət və ya mənfi yanaşması) qarşısı proqram təminatı ilə tam alınır. Belə ki, hər bir yazı işi 2 marker tərəfindən qiymətləndirilməklə (2 markerin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən üçüncü markerə göndərilir) yanaşı, yoxlama zamanı markerin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) olmur, monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyar və qiyməti daxil etmək üçün müvafiq sahə verilir. Həmçinin, proqram bir şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin monitoruna ötürür. Marker yoxlamanı bitirdikdən sonra onun gün ərzində yoxladığı işlərin şərti kodlarının və həmin işlərə verdiyi qiymətlərin proqram tərəfindən hazırlanmış siyahısı (protokolu) çap edilir və marker tərəfindən imzalanır. Belə subyektiv yanaşmaların qarşısının alınması üçün proqram təminatında sadalananlardan başqa digər tədbirlər də var.

Bilməyərəkdən subyektiv yanaşmaların (yazı işini yoxlayan markerin özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşmaların) minimuma endirilməsi məqsədilə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrı qiymətləndirmə meyarı hazırlanır və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Bu qiymətləndirmə meyarlarında aid olduğu tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır.

Bununla belə, markerlər yazı işlərinin yoxlanılması prosesinə DİM-in keçirdiyi monitorinq imtahanlarının real yazı işləri üzərində hazırlanmış praktik treninqlərdə iştirak edib uğurlu nəticə əldə etdikdən (yəni öz fərdi yanaşmalarına üstün gələ bildikdən) sonra cəlb olunurlar. Bu praktik treninqlərdə onların kompüterdən istifadə bacarıqları, dəqiq, diqqətli və çevik olmaları, meyarla düzgün işləmə səriştələri də yoxlanılır. Treninqlərə Bakı şəhərindən və regionlardan ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri dəvət olunur. 2013 – 2016-cı illər ərzində monitorinq imtahanlarının yazı işlərinin yoxlanılması prosesi zamanı Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə markerlik fəaliyyəti üçün treninqlərə cəlb edilən və treninqlərdən uğurla keçənlər yazı işlərinin yoxlanılmasında iştirak ediblər.

2017-ci ildən başlayaraq həm Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə markerlər bazasının genişləndirilməsi istiqamətində, həm də digər fənlər (xarici dil, fizika, kimya, biologiya, tarix, coğrafiya) üzrə markerlərin treninqlərdə iştirakı, seçilməsi və yazı işlərinin yoxlanılmasına hazırlanmaları istiqamətində işlər aparılır. Markerlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər DİM-in təşkil etdiyi kurslarda iştirak etməklə də bu prosesə qoşula bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları