Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 09:34:08
Bura gəlməyə dəyər - MIT-in azərbaycanlı tələbəsi YAZIR

Abutalıb (Barış) Namazov,
ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun (Massachusetts İnstitute of Technology - MIT) tələbəsi


Bir neçə gün əvvəl kiçik qardaşım yazıb: “Barış, xəbərin olsun ki, sənin 20 yaşın oldu”.


Xeyli güldüm. Vəziyyətim doğrudan da ad günümü unudacaq qədər var. Birdən elə bilərsiniz ki, özümü çox məşğul, ciddi oxuyan kimi göstərmək üçün belə deyirəm. Dərsləri çatdırmaq asan olmur. İşləyirəm də…


Amma bunlar da mənə haqq vermir ki, sizin ad günümə yazdığınız təbriklərin üstündən keçim. Çox üzrlü sayın ki, bir neçə gün sonra cavab yazıram.


Sağ olun, çox sağ olun! Hamınıza təşəkkür edirəm. Sağlam olun!


Fürsətdən istifadə edib, mən də hamımızı sevindirən qoçaq qızlarımızı tərbik edirəm. MIT-ə qəbul alan Fidan Qarayevanı və Dəniz Səttarlını. Çox sevindim. Uğurlar diləyirəm. Bura gəlməyə dəyər.


Həm də bu qızlara bir təşəkkür borcum var. Öz möhtəşəm nəticələri ilə MIT-ə qəbul diskursunu məndən uzaqlaşdıra bildilər. Mən MIT-də olan ilk azərbaycanlı deyildim, məndən öncə də burada oxuyan istedadlı həmvətənlərimiz olmuşdu, amma ilk birbaşa bakalavr qəbulu almağım üzərindən yazılanlar başqalarını motivasiya etmək baxımından çox faydalı olsa da, özümü xeyli sıxırdı. Ola bilsin ki, sizlərin yazıları və sevgiləri sayəsində nəticəm yaxşı universitetlərə qəbul üçün yeni bir həvəs dalğası yaratmağa yardım edib.
Amma həmişə təriflənmək üçün elə bir şeylər etməmişəm. Bunun başqa bir tərəfi də var. Məktəbdə oxuyanda atam bir dəfə mənə maraqlı söz demişdi. Dedi, uğurdan həm də qorunmalısan, fayda vermək və almaq baxımından uğur əladır, amma adamı yüksəldir və bu zaman adam dəyərlərin də üstünə qalxa bilər və zay olar.


Daha bir məsələ odur ki, bizim o qədər istedadlı tələbələrimiz Bakıda, Türkiyədə, Koreyada, Avropada, Amerikanın digər məktəblərində oxuyur, adam özünü onlardan önə qoymağı haqsızlıq sayır.


Bu postu yazdıqca stolumun üstündə təzə aldığım (amma oxumadığım) Ray Bradburynin Fahrenheit 451 kitabına baxıram. Nə vaxtsa eyni yazıçının The Martian Chronicles əsərinin xeyli hissəsini oxumuşdum. Türkcə oxumuşdum. Kitabı mənə məsləhət görən adam demişdi ki, o əsəri fantastik bir əsər kimi oxuma, müəllif hiyləgərliklə ora xeyli reallıqlar qatıb.

Oxuyanda birini hiss etdim ki, insan Marsa da getsə, özü ilə Yer aparır.


Hara getsək də sizlərlə birlikdəyik. Çox sağ olun təbriklərinizə görə! Gec cavab üçün bir daha üzr diləyirəm.