Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 11:42:19
Məşhur rektorun ad GÜNÜDÜR - DOSYE

Bu gün ADA Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Hafiz Paşayevin doğum günüdür. Hafiz Paşayev Azərbaycanda ən məşhur rektorlardan biridir. O, həm də diplomat, alim, pedaqoq kimi tanınıb.

AzEdu.az-ın məlumatına görə, Azərbaycanda elm və təhsilin inkişafında xüsusi  xidmətlər göstərmiş rektorun 82 yaşı tamam olub.

Hafiz Mir Cəlal oğlu Paşayev 2 may 1941-ci ildə Bakı şəhərində anadan olub.


O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.


1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.


1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.


Hafiz Paşayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının (ADA Universiteti) rektoru təyin edilib.

Hafiz Paşayev 2019-cu ilin oktyabrında öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək, xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını istəyib. Onun istəyi yerinə yetirilib.

ADA Universiteti XİN-in nəzdində olduğundan H.Paşayev hazırda nazirliyin Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirir.


O, 100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalənin müəllifidir.


H.Paşayev 2 may 2011-ci ildə Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.


2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə, 9 iyul 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 29 aprel 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Evlidir, iki övladı, dörd nəvəsi var.