Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 10:24:10
Bu universitetdə müəllimlər reytinqlərini yüksəldiblər

Azərbəycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.

AzEdu.az xəbər verir ki, ADPU-nun rektoru, Elmi Şuranın sədri professor Cəfər Cəfərov iclası giriş sözü ilə açıb. Əvvəlcə, Məktbəqədər təhsil fakültəsinin deknı p.e.d., dos. Nailə Hüseynovaya elmlər doktoruluğu diplomu, Azərbaycan tarixi kafedrasının müəllimi t.ü.f.d. Samir Baxşəliyev və Quba filialının kafedra müdiri, t.ü.f.d. Elnur Nəsirova dosent attestatları təqdim edilib.

Rektor prof. C.Cəfərov bildirib ki, ADPU-nun Elmi Şurasının yeni tərkibdə ilk iclası keçirilir. Ötən dövr ərzində baş yerən yeniliklərdən danışan rektor qeyd edib ki, universitetdə son aylarda institusional akkreditasiya prosesi icra olunub, bir çox beynəlxalq və yerli elmi konfrans və seminarlar, təlimlər keçirilib, ikitərəfli sazişlər və mübadilə proqramları üzrə akademik və tələbə heyəti mübadilələri, bir çox xarici ölkələrə səfərlər edilib, ADPU-da Kopenhagen Universitet Kollecinin nümayəndə heyəti qəbul olunub, yerli dövlət və özəl ümumtəhsil müəssisələri ilə əlaqələrin inkişafı istiqamətində işlər davam etdirilib.

Daha sonra Keyfiyyətin təminatı şöbəsinin  müdiri  dosent Qalib Şərifov “ADPU-da professor-müəllim heyətinin 2022-ci illərdə fəaliyyətinin Reytinq Qiymətləndirilməsinin yekunları” mövzusunda hesabatı Şura üzvlərinə təqdim edib. Təqdimatda vurğulanıb ki, ADPU, filiallar və kollec üzrə akademik heyətin perpormansını qiymətləndirmək və rəğbətləndirmə məqsədi ilə 2018-ci ildən tətbiq olunan reytinq qiymətləndirilməsi vasitəsilə hər ilin noyabrında 80 meyar üzrə akademik heyətin reytinqi hazırlanır. 2022-ci il üzrə reytinq qiymətləndirilməsində, ümumilikdə, 1185 nəfər müəllim iştirak edib. Onlardan  735 nəfəri ADPU-nun, 450 nəfəri isə filiallar və kollecin payına düşür.

Sənədlərin təhlili və nəticələrin analizinə əsasən, universitetin və müvaifq strukturların nəticələrində ötən illərə nisbətən artma dinamikası müşahidə olunur. Əgər 2021-ci ildə 32 faiz çox iştirakçı əsasən 30-100 bal arasında nəticə əldə etmişdisə, 2022-ci ildə bu göstərici 15 faizə düşüb. 300-500 bal toplayan iştirakçılarda isə göstərici 8 faizdən 20 faizə qədər artıb. Eyni zamanda müvafiq olaraq, 500 baldan yuxarı bal toplayan iştirakçılar arasında da artım müşahidə olunur, hətta onlar arasında 3000 baldan yüksək nəticə göstərənlər də yer alır.

Ümumilikdə, iki ilin müqayisəsinə görə iştirakçıların 83 faizi, 3 ilin müqayisəsinə görə isə 63 faizi reytinq balını artırıb. Ötən il 32 faiz müəllim nəticələrini 100-300 bal qədər, 14 faiz isə 300-500 bal qədər artırıb. Əgər 2021-ci ildə 45 faiz iştirakçının nəticəsi 100 baldan aşağı idisə, 2022-ci ildə bu göstərici 20 faizdən azdır.

Ötən il ərzində ADPU-nun akademik heyət üzvlərindən 4,64 faizinin (55 müəllif və həmmüəllifin 92 məqaləsi) Web of science və Scopus bazalarında indekslənən impakt faktorlu jurnallarda, 33 faizinin isə (386 müəllif və həmmüəllifin 872 məqaləsi) AAK tərəfindən tövsiyə olunan nüfuzlu jurnallarda elmi məqalələri dərc olunmuşdur. Digər xarici jurnallarda azalma fonunda Web of science və Scopus bazalarında indekslənən impakt faktor göstəriciləri yüksək olan elmi jurnallarda nəşrlərin sayının artdığı müşahidə olunur. 

Hesabatda, eyni zamanda, qeyd olunur ki, tələbələrin akademik heyətdən məmnunluq sorğusunun nəticələrinə əsasən, təhsilalanlar müəllimlərin təxminən 60 faizini 100 bal üzərindən 85-100 arasında qiymətləndirir.

Hesabatın yekunlarına əsasən, nəticələri qiymətləndirilən 1185 müəllimdən 275 (23 faiz) müəllim mükafatlandırmaya təqdim olunub. Onların aylıq əmək haqqına il ərzində 100 manat həcmində əlavələr ödəniləcək.

Daha sonra hesabat ətrafında müzakirələr aparılıb, çıxış edənlərdən rektor prof. Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor prof. Asəf Zamanov, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, Tədris departamentinin müdiri dos. Sənan Əliyev, Quba filialının direktoru dos., f.e.d. Yusif Alıyev, Cəlilabad filialının direktoru dos. Xudayar Sultanlı və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru dos. İsrayıl İsgəndərov nəticələrin strukturlarda təhlili, növbəti illərdən etibarən strukturların da rəğbətləndirilməsi, nəticədə onların maliyyə və idarəetmə sahəsində sərbəstliyinin təmini istiqamətində addımların atılması, beynəlxalq bazalarda indekslənən impakt faktorlu nəşrlərdə elmi əsərlərin dərcinə görə ayrıca stimullaşdırma, reytinq qiymətləndirilməsi meyarlarının daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüblər.

Daha sonra cari məsələlər müzakirə olunub.