Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 17:19:00
BMU-da beynəlxalq konqres keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Beynəlxalq ekologiya və ətraf mühit” konqresi keçirilib. Hibrid formada gerçəkləşdirilən beynəlxalq tədbir Türkiyə Respublikasının universitet, dövlət qurumları və yerli özünüidarəetmə orqanları ilə sıx əməkdaşlıq edən, həmçinin dünyanın 43 ölkəsində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşəbbüsü, IENSCI-nin (mühəndislik və təbiət elmləri üçün beynəlxalq platforma) dəstəyi ilə təşkil olunub.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, tədbirdən öncə BMU-nun rektoru, professor Havar Məmmədovla keçirilən görüşdə İKSAD ilə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Görüşdə rektor Havar Məmmədov beynəlxalq konqresin fəxri sədri kimi adıçəkilən qurumla əlaqələrin inkişafına verdiyi dəstəyə görə İKSAD rəhbəri Mustafa Latif Emek adından təltif olunub.

 

Konqresdə açılış nitqi ilə çıxış edən BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edən tədbirin əhəmiyyətini vurğulayıb. Qlobal məkanda aktuallığını saxlayan ekoloji problemlərin həllinə elmi baxışın vacibliyini vurğulayan prorektor Azərbaycanın işğaldan azad olunan ərazilərində ekoloji tarazlığın bərpası istiqamətində həyata keçirilən tədbirlərdən, ən son texnologiyalara əsaslanan ekoloji həll yolları, o cümlədən “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) layihələrinin tətbiqindən, bu baxımdan konqresin müzakirə mövzularının önəmindən danışıb.

 

İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi Əlvan Cəfərov konqresdə müzakirə olunacaq mövzuların aktuallığını önə çəkib. O, eyni zamanda, təmsil etdiyi təşkilatın Azərbaycan ali təhsil müəssisələri ilə qurulan əlaqələrinə toxunub.

 

Türkiyə Uşak Universitetinin əməkdaşı Mehtap Dönməz Şahin təbii fəlakətlərin qarşısının alınması, qlobal istiliyin fəsadları, ekosistemin pozulması və s. məsələlərə diqqət çəkib.

 

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova konqresin ekohəllər üzrə araşdırmaların aparılması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın qurulmasının əhəmiyyətinə diqqət çəkib.

 

Sonra konrqesdə müvafiq istiqamətlər üzrə mühazirələrin dinlənilməsinə və müzakirələrin aparılmasına başlanılıb.

 

Azərbaycan, Türkiyə, Pakistan, Əlcəzair, Mərakeş, Malayziya, İndoneziya, Hindistan, İran, Ukraynanın ali təhsil müəssisələrindən olan mütəxəssislərin qatıldığı beynəlxalq tədbirin əsas istiqamətlərinə “İqlim böhranı”, “Ətraf mühit siyasətləri”, “Covid-19 pandemiyasının ekoloji aspektləri”, “Suyun çirklənməsi və idarə edilməsi”, “Havanın çirklənməsinə və qoxu emissiyalarına nəzarət”, “Çirkab suların epidemiologiyası”, “Ətraf mühitin idarəetmə sistemləri, tətbiqləri və alətləri” daxildir. Tədbirdə bu istiqamətlərlə yanaşı, “Ətraf mühit mühəndisliyində rəqəmsal həllər: ölçmə, təhlil. monitorinq və qiymətləndirmə”, “Ətraf mühit mühəndisliyi təhsili”, “Ətraf mühit mühəndisliyində təşkilat və fənlərarası əlaqələr”, “Ətraf mühit və mühəndislik etikası” və s. mövzular üzrə mühazirələr dinlənilib, müzakirələr aparılıb.