Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 16:20:49
Himayədar valideynlərə dair yeni tələblər müəyyənləşir

Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olan şəxslər himayədar valideyn ola bilməzlər (uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla).

 

AzEdu.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, himayədar ailəyə veriləcək uşaqla birlikdə yaşayacağı yaşayış sahəsinə tələb yönəldilmiş şəxslər himayədar valideyn ola bilməzlər. Yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmamalıdır. Uşağın qəyyumları (himayəçiləri), bioloji və ya ögey valideynləri himayədar valideyn ola bilməzlər. Bir ünvanda iki və daha çox himayədar ailənin (valideynin) yerləşməsinə yol verilmir.

 

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, himayədar ailəyə verilmiş uşaq ona düşən pensiya, aliment, müavinət və başqa sosial ödənişlər almaq, mənzil sahəsi üzərində mülkiyyətçi olmaq, ondan istifadə etmək, mənzil sahəsi olmazsa, mənzil qanunvericiliyinə uyğun olaraq mənzil sahəsi almaq hüququna malikdir. Layihəyə əsasən, bu müddəa ləğv olunur.

 

Layihədə qeyd edilib ki, Ailə Məcəlləsinin 120.1.6-cı (məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər), 120.1.7-ci (barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində) və 120.2-ci (Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklər) maddələrində qeyd olunan tələblər eyni zamanda himayədar valideynlərlə birlikdə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir.

 

Uçota alınmış valideyn himayəsindən məhrum olmuş uşaqlar tərbiyə edilmək üçün himayədar ailələrə verilə bilər.

 

Layihəyə görə, öz uşaqları da daxil olmaqla, hər iki valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz. Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla). Himayədar ailəyə verilmiş uşağın əqli, fiziki, emosional, psixoloji inkişafına xələl gətirə biləcək halların qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilən uşaqlar arasındakı yaş fərqini nəzərə almalıdır.