Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 10:00:07
Azərbaycan Universitetində seminar: “İqtisadi inkişaf strategiyasında Heydər Əliyev irsi” 

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Azərbaycanın iqtisadi inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin Qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini, universitetin Qadınlar Şurasının sədri, iqtisad elmləri doktoru Təranə Kərimova tələbələr qarşısında çıxış edib. 

 

Qonaq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri misilsizdir. Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövrdə  Heydər Əliyev kimi lider ölkəmizə rəhbərlik edib, onun yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. 

 

Təranə Kərimova çıxışında Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkə iqtisadiyyatında islahatlar yoluyla tərəqqiyə nail olunması, Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması kimi mövzulara da toxunub. Vurğulayıb ki, həyata keçirilən islahatlar nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alınıb və 1995-ci ildən başlayaraq Azərbaycanda inkişafın yeni mərhələsi -  bərpa və dinamik inkişaf dövrü başlayıb. Əldə olunmuş bu uğurlar sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Azərbaycanın milli inkişaf modelinin müəllifi Heydər Əliyevin sosial-iqtisadi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni çalarlarla zənginləşdirilir.