Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 19:28:01
Milli Muğam Müsabiqəsinin II seçim turu yekunlaşdı 

Aprelin 26-da Azərbaycan Milli Konservatoriyasında Milli Muğam Müsabiqəsinin üçüncü günündə ikinci seçim turunun yekun mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, ikinci seçim turunda birinci turdan keçmiş 8 xanəndənin dinləmələri keçirilib. Əvvəlki turlardan fərqli olaraq bu turda ifaçılara 2 saat vaxt ayrılıb.

 

Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasovdur.

 

Sonda AZƏRTAC-a açıqlama verən Xalq artisti Səkinə İsmayılova müsabiqə haqqında ümumi məlumat verib. O deyib: "Milli Muğam Müsabiqəsinin artıq 2-ci turu başa çatdı və 1-ci turdan seçilən 8 nəfər xanəndənin ifaları dinlənililib. İnstrumental ifaçılıq kateqoriyası üzrə dinləmələrdən sonra günün ikinci yarısında birinci turdan keçmiş xanəndələrin dinləmələrinə başlanılıb. Burada iştirak edən ifaçılar arasında 2005-ci ildən bu günə kimi keçirdiyimiz Muğam Müsabiqəsinin iştirakçı və qalibləri də yer alır. Milli Muğam Müsabiqəsinin keçirilmə müddəti çox az olduğuna baxmayaraq, müsabiqə iştirakçıları səmərəli hazırlaşırlar və bu müsabiqəyə öz səsinə, sənətinə arxayın olanlar qatılırlar. Vaxt qısa olduğundan ifaçı tam hazır olmalıdır ki, öz bacarıq və istedadını nümayiş etdirə bilsin. Müsabiqənin final mərhələsi aprelin 30-da keçiriləcək və qaliblər orada elan olunacaq”.

Xatırladaq ki, Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Milli Muğam Müsabiqəsinin seçim turuna bu gün yekun vurulub. Qaliblər aprelin 30-da keçiriləcək final mərhələsində elan olunacaq.