Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-24 13:46:01
Rektor yubiley yaşına ÇATDI

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor,  memarlıq doktoru, Əməkdar memar Gülçöhrə Məmmədova yubiley yaşına çatıb.

AzEdu.az xəbər verir ki, aprelin 23-də Gülçöhrə Məmmədovanın 70 yaşı tamam olub.


Gülçöhrə Hüseyn qızı Məmmədova  1953-cü il aprelin 23-də Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub.  


1971-ci ildə orta məktəbi bitirib. 

1971-ci ildə Azərbaycan Politexnik  İnstitutunun Memarlıq fakültəsinə daxil olub. 

1975-1979-cu ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (AzİMİ) komsomol komitəsinin katibi vəzifəsində işləyib. 

1976-cı ildə AzİMİ-nin Memarlıq fakültəsini bitirib. 

1979-cu ildə AzİMİ-nin Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlayıb. 

1985-ci ildə “Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 

1983-1988-ci illərdə AzİMİ-nin partiya komitəsinin katib müavini vəzifəsində çalışıb. 

1985-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

1991-ci ildə Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosenti seçilib. “Memarlıq konstruksiyaları”, “Azərbaycan memarlığının tarixi”, “Abidələrin bərpası” fənnləri üzrə mühazirələr aparıb,  diplom layihələrinə rəhbərlik edib. 

Elmi fəaliyyəti Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin elmi rekonstruksiya layihələrinin müəllifidir.

1999-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. 

2000-ci ildə Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının  professoru vəzifəsinə seçilib. 

Rəhbərliyi ilə 7 elmlər namizədi və 2 elmlər doktoru elmi işlərini müdafiə edib.

2000-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru vəzifəsində çalışır.

II çağırış (2000-2005) və IV çağırış (2010-2015) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 

2006-cı ildə Əməkdar memar fəxri adı verilib. 

2009-cu ildə Fransanın “Akademik Palma Kavaleri” ordeninə layiq görülüb.  

2012-ci ildə “Akademik Mikayıl Useynov” xatirə medalı ilə təltif olunub.  

2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.

2016-cı ildə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 

2019-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. 

135-dən çox elmi və metodik işləri var. 3 monoqrafiyanın – “Qafqaz Albaniyasının dini memarlığı”, “Qafqaz Albaniyasının memarlığı” (rus dilində), “Architecture of Caucasian Albania” müəllifi, 8 kitabın – “Azərbaycanın qədim və ilk orta əsrlər memarlığı” (1991-ci il), “Şəkinin memarlıq abidələri” (2003-cü il), “Kiş kəndi və onun məbədi” (2003-cü il), “Kiş” (2003-cü il) və “Nic” (2006-cı il), “Azərbayсan memarlıq tarixi” beş cildli nəşrin 1-ci cildi -  Qədim və erkən orta əsrlər dövründə Azərbaycan memarlığı (Bakı, 2013) və 2-ci cildi -  Azərbaycan memarlıq tarixi: Orta əsrlər memarlığı (VIII-XIV əsrlər) (Bakı, 2013), Azərbaycanın Şimal-Qərb regionunun memarlıq  abidələri (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) (Bakı, 2014) həmmüəllifidir.

Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvüdür.