Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 16:30:00
Nazirlik məktəbdənkənar təhsil müəssisələrinin sayını açıqladı

Məktəbkənar fəaliyyət şagirdlərin orta məktəbdə dərslərdən sonrakı vaxtlarını daha faydalı, səmərəli keçirməsinə yönələn bir təhsil növüdür. Elm və Təhsil Nazirliyi bununla bağlı bir neçə istiqamətdə fəaliyyət həyata keçirilir. 

 

AzEdu.az xəbər verir ki, Nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov təhsil masası vasitəsilə məktəbdənkənar təhsil müəssisələrindən danışıb.  

 

“Hazırda nazirliyin tabeliyində 145 sayda məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 78-i idman profillidir, yerdə qalan hissəsi isə uşaq-gənclər inkişaf mərkəzlərinin payına düşür.

 

İnkişaf mərkəzlərində uşaqların yaradıcılıq qabiliyyətlərinin, onların potensialının üzə çıxarılmasına xidmət edən dərnəklər mövcuddur. Uşaq-gənclər, idman-şahmat mərkəzlərində isə idmanın həm komanda növü, həm də təkmübarizli növü olan şahmat oyunu üzrə dərnəklər fəaliyyət göstərir". 

 

Nazirlik rəsmisinin sözlərinə görə, 29 sayda idman növü üzrə bölmələr fəaliyyət göstərir. Onlardan 22-si olimpiya, 7-si isə qeyri olimpiya növləridir.

 

“Uşaq-gənclər, idman-şahmat mərkəzlərinin əsas məqsədi uşaqları sağlam həyat tərzinə yönəltmək, onların fiziki sağlam böyümələrinə xidmət etməkdir. Məqsəd kütləviliyin içindən potensiallı uşaqları üzə çıxararaq həmin məktəblərdə onların peşəkar idmançı kimi yetişməsinə kömək etməkdir. 

Onu da qeyd edim ki, hazırda tanınmış idmançılarımızın bir çoxunun yolu bizim dərnəklərdən keçib”.

 

H.Salmanov dərnəklərin əsasən 10 istiqamət üzrə fəaliyyət göstərdiyini qeyd edib:  

 

“Təsviri sənət, texniki yaradıcılıq, ekologiya profilli, intellektual, rəqs, rəsm, xoreoqrafiya kimi istiqamətlərdə xidmət mövcuddur”.

 

Onun sözlərinə görə dərnəklər əsasən ödənişsizdir. Ancaq qanunvericilik imkan verir ki, ödənişli əsaslarla da dərslər təşkil edilsin. Ayrılan bəlli bir büdcə çərçivəsində qruplar təşkil olunur. Daha sonra yenidən müraciətlər davam edirsə, valideynə ödənişli əsaslarla qrupların açılması təklif olunur. Həm müəssisənin, həm də valideynin istəyi ilə dərs qruplarının təşkili mümkündür.