Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 15:47:42
Professor universitetə qarşı qarayaxma kampaniyası aparan “ekspertləri” açıq müzakirəyə ÇAĞIRDI

Prezidentin fərdi təqaüdçüsü olan professor çalışdığı universitetə qarşı qarayaxma kampaniyası aparan “ekspertləri” açıq müzakirəyə dəvət edir.

 

 

Azərbaycanın qocaman ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti həmişə yüksək səviyyəli mütəxəssis kimi yetişdirdiyi məzunları ilə fərqlənib. Bir vaxtlar Sovet İttifaqında və bir çox xarici ölkələrdə “Azİİ” adı ilə məşhur olmuş universitet fəaliyyəti dövründə dünyanın onlarla dövləti üçün 170 minədək kadr hazırlayıb və çoxlarımız fəxr edirik ki, bu universitetin məzunuyuq. Amma bəzi dövrlərdə Azİİ çox böyük zərbələr almış və faktiki olaraq əvvəlki imicini itirmişdı. Lakin bu neqativlik, özbaşınalıq uzun sürmədi. 2015-ci ildə yeni status – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qazanmış və qarşısında müasir dövrün tələblərinə uyğun vəzifələr qoyulmuş universitetdə ciddi islahatlar aparılmağa başlandı.

 

Qısa müddət ərzində universitetdə təhsilalanların sayı 7300 nəfərdən 17500 nəfərədək artmış, ən əsası isə bu proses mühüm keyfiyyət dəyişiklikləri ilə müşaiyət olunmuşdur – ADNSU-ya orta keçid balı xeyli yüksələrək 420-ə çatışdır. Paralel olaraq əmək bazarında universitetimizin məzunlarına tələb yüksəlmiş və hazırda tədrisi başa vurmasının birinci ilində onların işədüzəlmə əmsalı 75% təşkil edir. Bu inkişaf, təbii ki, istər tədris proqramları və kurrikulumların qabaqcıl dünya standartlarına uyğuinlaşdırılması, istər yerli və xarici professorların tədris prosesinə cəlb edilməsi, istərsə də ali məktəbin maddi texniki bazasının yenilənməsinin və onun innovativ relslər üzərinə köçürülməsnin nəticəsidir.

 

Yeri gəlmişkən, yay məzuniyyətindən qayıdarkən Universiteti tanımadım. Bütün auditoriyalar, mərtəbələrin dəhlizləri sanki yenidən tikilmişdi. Bütün tədris otaqları kompüter və proyektorlarla təmin olunmuşdu. Universitetin həyətində tələbələrin və müəllimlərin dincəlməsi üçün hər bir şərait yaradılıb. Yüksək səviyyədə müasir elektron kitabxana fəaliyyət göstərir. Hazırda ADNSU-nun dünyanın aparıcı universitetləri sırasına düşməsi istiqamətində çox ciddi işlər görülməkdədir. Beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslarının sayına görə universitetimiz ölkədə liderdir. Bir sözlə, böyük miqyaslı işlər görülüb, maraqlanan şəxslər gəlib yerində görməli və əvvəlki vəziyyətlə müqaisə etməlidilər. Yoxsa kiminsə xoşuna gəlmir, kiminsə xahişinə əməl edilməyib, kimsə paxıllıq edir, yaxud kimdənsə nə isə eşidib görülən işlərə kölgə salmaq ən azından insafsızlıqdır. Əfsuslar olsun ki, son vaxtlar ADNSU-ya və onun Elmi Şurasına qarşı bəzi üzdən iraq təhsil ekspertləri qarayaxma kampaniyasına başlayıb, həqiqəti əks etdirməyən yalan və əsassız yazılar dərc edirlər. Universitetdəki böyük müsbət dəyişiklikləri görməzdən gələrək absurd yazılarla doğma ali məktəbimin nüfuzuna xələl gətirmək cəhdləri məni çox məyus edir.

 

ADNSU bu xalqın, ölkənin sərvətidir və kimlərinsə merkantil maraqlarının təmin edilməməsi, xahiş və sifarişlərinin yerinə yetirilməməsi, bundan doğan inciklik və qısqanclıq üzündən açıq-aşkar iftira hücumuna məruz qalmamalıdır. Mən ömrümün 67 ilini bu ali məktəbin divarları arasında keçirmişəm, bu gün də öz bilik və təcrübəmi gənc nəsillə bölüşürəm. Universitetdə 40 ildən çox kafedra və problem laboratoriya müdiri, 20 ilə yaxın “Energetika” fakültəsinin dekanı və disserasiya müdafiə şurasının sədri olmuşam. Bir çox məktəblər üçün Azərbaycan dilində dərsliklərin müəllifiyəm. Bunları yazmaqda məqsədim odur ki, təhsildə və elmdə müəyyən təcrübəyə malik şəxsəm. Mənim universitetdə işlədiyim dövrdə təhsil və elm sahəsindəki zəhmətim dövlətimiz tərəfindən kifayət dərəcədə yüksək qiymətləndirilib. Məni tanıyanlar yaxşı bilirlər ki, haqq-ədalət tərəfdarıyam. Mən, yuxarıda qeyd etdiyim kimi, 30-40 il dosent, professor, kafedra müdiri, dekan vəzifələrində çalışmış, çoxlu sayda elmlər namizədi və elmlər doktoru yetişdirmişəm, lakin özümü təhsil eksperti adlandırmağı rəva bilmirəm.

 

Bəs heç bir təhsil təşkilatçılığı yolu keçməmiş, bir nəfər də olsun elmi kadr yetişdirməmiş adamlar özlərini necə təhsil eksperti adlandırırlar?! Mən həyatımı həsr etdiyim universitetə qarşı qarayaxma kampaniyası aparan şəxslərin çirkin əməllərinin nədən qaynaqlandığı ilə bağlı faktlara keçməyi özümə və təmsil etdiyim kollektivə yaraşdırmıram. Mən və həmkarlarım, bu “təhsil ekspertləri” ilə istənilən məkanda və formatda universitetin fəaliyyəti ilə bağlı açıq müzakirə aparmağa hazırıq, lakin, intuisiyam deyir ki, öz həyasız ittihamlarında heç bir arqumentə söykənməyən bu bir-iki iftiraçı belə müzakirəyə açıq deyillər. Onlara ucuz şou lazımdır. Onda bilsinlər ki, əgər əsassız qarayaxma kampaniyasını davam etdirərlərsə, növbəti məqalələrimin məzmununu yuxarıda qeyd etdiyim kimi, onların barəsində olan faktlarla zənginləşdirməli olacağam.

 

Kamal Abdullayev,
Beynəlxalq və Gürcüstan Milli Energetika Akademiyalarının akademiki, texmiki elmlər doktoru, M.Lomonosov adına qızıl medalın və ABŞ-ın elmin açarı laureatı, Əməkdar elm xadimi, Şöhrət ordenli, Prezidentin fərdi təqaüdşüsü, ADNSU-nun Enerji istehsalı texnologiyaları kafedrasının professor-məsləhətçisi