Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 12:38:00
Bakı Slavyan Universitetinin əcnəbi tələbələrlə bağlı “SİRRİ”...

Martın 16-da Elm və Təhsil Nazirliyi tərəfindən əcnəbilərin ölkəmizə cəlb olunmasının təşviqi və təhsilinin təşkili sahəsində xüsusi fərqlənən 5 ali təhsil müəssisəsi təşəkkürnamə ilə təltif edilib. Bu təltif Azərbaycan ali məktəblərində əcnəbi vətəndaşların təhsilinin səviyyəsinin artırılması məqsədi güdür. Çünki xarici tələbələrin mövcudluğu ali təhsil müəssisəsinin daha da nüfuzlu olmasına xidmət edir. Təsadüfi deyil ki, bu və ya digər universitetin dünya universitetlərinin  reytinq cədvəlində yeri müəyyənləşdirilərkən xarici tələbələrin çəkisi xüsusilə nəzərə alınır. 


Qeyd etmək lazımdır ki, Azərbaycan ali məktəbləri hələ keçmiş Sovet İttifaqı dövründə xarici ölkə vətəndaşlarının təhsili ilə bağlı geniş nüfuza malik idi. Müxtəlif  ölkələrdən və rənglərdən ibarət olan xaricilərin Bakı küçələrində gəzməsi yaşlı sakinlərin xatirindən hələ də silinməyib. Sovet dövründə Azərbaycan Dövlət Universiteti, Neft və Kimya İnstitutu, Tibb İnstitutunda əcnəbi tələbələr kütləvi şəkildə təhsil alırdılar. İndi bu ali məktəblərin məzunları olan xaricilər öz ölkələrində yüksək dövlət və ictima vəzifələr tutur, Azərbaycanda keçirdikləri tələbəlik illərini xoş xatirələrlə yada salırlar.


Sovet İttifaqı dağıldı və Azərbaycanda təhsil alan əcnəbilərin sayı ciddi şəkildə azaldı. İndi həmin illərdə mövcud olan tələbə kontingentinin bəlkə də heç yüzdə biri yoxdur. Buna səbəb nədir?


Bu və ya digər suallar bizi də maraqlandırır. 


AzEdu.az saytı Elm və Təhsil Nazirliyinin qeyd etdiyimiz təltifini nəzərə alaraq, əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərində təhsili ilə bağlı silsilə təhqiqat işi aparmağı hədəfləyib. Bu sahədə uğur qazanan, mükafatlandırılan universitetlərlə yanaşı, zəif nəticəyə malik ali məktəblərə də toxunacağıq. 

Xatırladaq ki, Nazirliyin təşəkkürnamələri Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti və Xəzər Universitetinə təqdim olunub. Bu müəssisələr əcnəbilərin sayında son 5 tədris ili üzrə artım dinamikası, tələbələrin qəbulu və məlumatların toplanılması sistemlərinin səmərəli istifadəsi, əcnəbi tələbələrin ictimai-sosial aktivliyinin təmin edilməsi meyarları nəzərə alınmaqla təltif olunub.   

 

Layihəmizin davamı olaraq Bakı Slavyan Universitetinin (BSU) əcnəbi tələbələrlə işini diqqətə çatdırırıq.


Suallarımızı Universitetin Mətbuat və informasiya mərkəzinin müdiri Zeynab Kazımova cavablandırıb. 

 

Hazırda Bakı Slavyan Universitetində (BSU) 16 ölkədən 106 əcnəbi tələbə təhsil alır.

 

“Tədris Azərbaycan və rus dillərində, həmçinin magistratura təhsil səviyyəsində “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə ingilis dilində aparılır”.

 

Zeynab Kazımova bildirib ki, hətta yataqxanada bir əcnəbi müəllim də məskunlaşıb.

 

“BSU-nun tələbə yataqxanasının II mərtəbəsində əcnəbi tələbə və vətəndaşlar yerləşdirilib. Mərtəbədə 14 otaq mövcuddur. Hazırda yataqxanada 17 tələbə və 1 əcnəbi müəllim yaşayır".

 

Müsahibimiz bildirib ki, universitetdə təhsil alan əcnəbi tələbələr respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edirlər:

 

“Universitetdə Azərbaycanın əlamətdar və tarixi günlərinin qeyd olunması zamanı əcnəbi tələbələrin iştirakı mütləq şəkildə təmin olunur. Bunlarla yanaşı, milli və tarixi muzeylərə, mərkəzlərə mütəmadi olaraq ekskursiyalar təşkil olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əcnəbi vətəndaşlar üçün təşkil etdiyi bütün tədbirlərdə iştirakları təmin olunur. (Şuşa şəhərinə səfər, Qarabağ mövzusuna dair müxtəlif tədbir, esse müsabiqələri və s.)"

 

Slavyan Universitetinin rəsmisi əcnəbi tələbələrlə iş sahəsində uğur qazanmağın səbəbini belə izah edib: 

 

“Universitetimizdə təşkil olunan tədrisin keyfiyyəti, müəllim heyətinin peşakarlığı, tədris olunan fənlərin məzmunu, əcnəbi tələbələrə göstərilən qayğı, onların hər birinə fərdi yanaşma, ixtisaslar üzrə müəyyən olunmuş təhsil haqlarının münasib olması, yataqxananın mövcud olması (aylıq ödənişinin münasib olması) uğur qazanmağınızın əsas səbəblərindəndir”.

 

Nəzərinizə çatdırırıq ki, 2023-cü ilin yanvar ayında təhsilin və sosial həyatın, eləcə də, infrastrukturun qiymətləndilməsi məqsədi ilə BSU-nun əcnəbi tələbələri arasında sorğu keçirilmişdi. Sorğuda 120 tələbədən 104-ü iştirak etmişdi. Nəticələri aşağıdakı kimidir:


1. Bakı Slavyan Universitetinin təhsili ilə məmnunluq – 5 ballıq qiymətləndirmə sistemi üzərindən nəticə 4.27 –dir.

2. BSU-nun infrastukturu və xidmətləri (auditoriya, kitabxana, yeməkxana, yataqxana, tibbi xidmət, viza xidməti) - 5 ballıq qiymətləndirmə sistemi üzərindən nəticə 4 –dür.

3. “Əcnəbi tələbələrin sosial məmnunluğu” amilinə görə - 88% məmnunluq bildirib.

4. “Diskriminasiya halları” –94 % “yoxdur” deyə cavablandırıb.

5. “BSU-da təhsil almaq qərarınızla məmnunsunuzmu” sualına 87 % müsbət cavab bildirib.

6. “BSU-da təhsil almağı tövsiyə edərsinizmi” sualına 90% müsbət cavab verib.