Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 15:33:26
ATU dünyanın tibb ekspertlərini Bakıya toplayır

Bu ilin oktyabr ayının 7-10 tarixlərində Azərbaycan Tibb Universitetin ev sahibliyi ilə Bakıda növbəti böyük beynəlxalq tədbir keçiriləcək. Azərbaycan Tibb Universiteti və Pakistanın Riphah Beynəlxalq Universitetinin (RBU) birgə təşkilatçılığı ilə baş tutacaq Tibb Təhsili üzrə Beynəlxalq Konfrans (İnternational Conference on Medical Education – İCME) dünyanın bir çox ölkələrindən mütəxəssisləri bir araya gətirəcək.

 

Universitetdən AzEdu.az-a verilən xəbərə görə, konfransın rəsmi təqdimatına həsr olunmuş onlayn görüşdə Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Məmmədov, Riphah Beynəlxalq Universitetinin prorektoru professor Anis Ahmad, ICME-nin prezidenti, general professor Azhar Rashid, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev və Riphah Beynəlxalq Universitetinin prorektorunun müavini professor Yaver Hayat tədbirin önəmi ilə bağlı əsas məsələləri iştirakçıların diqqətinə çatdırıblar.

 

Facebook üzərindən canlı yayımlanan görüşdə konfransın tibb ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb. Təşkilatçılar “ICME-2023 Bakı” toplantısının böyük uğurla keçəcəyindən əminliklərini bildiriblər. Qeyd edək ki, nüfuzlu ICME konfransının əsas məqsədi tibb təhsili üzrə ekspertlər və pedaqoqları bir araya gətirməklə bu sahədəki son yenilikləri və standartları müzakirə etmək, təcrübə mübadiləsinin aparılması və bu sahədə beynəlxalq platforma yaratmaqdan ibarətdir.

 

Bakı konfransında Dünya Tibb Təhsili Federasiyasının (World Federation for Medical Education -WFME) Prezidenti Ricardo Leon-Borquez, ECFMG-nin prezidenti, Queensland Universitetinin fəxri professoru, Uilyam Pinsky, “Ras Al Khaimah” Tibb və Səhiyyə Elmləri Universitetinin (RAKMHSU) prezidenti Ismail Ibrahim Matalka və tibb təhsili üzrə digər dünya miqyaslı qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

 

Tibb təhsili üzrə ilk beynəlxalq konfrans 2009-cu ildə İslamabadda baş tutub. İki ildən bir təşkil olunan tədbir sonradan Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Türkiyə və İndoneziyada keçirilib.

 

Növbəti ICME konfransının Bakıda keçirilməsinə qərar verildikdən sonra dərhal tədbirin təşkili üzrə işlərə başlanılıb. Son bir neçə ay ərzində hər iki universitetin nümayəndə heyətləri tərəfindən məsələ ilə bağlı mütəmadi müzakirələr aparılıb, işlər planı dəqiqləşdirilib.

 

Görüşdə həmçinin ATU-nun elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, Təsərrüfat İşləri üzrə prorektor Tağı Əhmədov, İCME-nin vitse-prezidenti professor Rahila Yasmeen və İCME-nin vitse-prezidenti professor Rehan Ahmed Khan iştirak ediblər.