Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 17:38:00
Səhnələşdirilmiş məhkəmə müsabiqəsinin praktik mərhələsi keçirilib

“Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsi keçirilib.

 

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Təravət Muradova, “ELSA Azərbaycan”ın prezidenti Rəhim Abasov, “ELSA Azərbaycan” səhnələşdirilmiş məhkəmə müsabiqələri üzrə vitse-prezident Nərminə Hüseynzadə, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.

 

M.Vəliyeva “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin yuxarı sinifdə təhsil alan xüsusilə də təhsilini hüquqşünaslıq ixtisasında davam etdirmək istəyən məktəblilərin hüquqi biliklərini artırmaq, gələcəkdə fəal vətəndaş kimi onlarda öz hüquqları ilə yanaşı digər vətəndaşların da hüquqlarını müdafiə etmək bacarıqlarının formalaşdırılması, eləcə də onların real məhkəmə mühiti ilə tanışlığına imkan yaratmaq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. İdarə müdiri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) ilə birgə təşkil olunan müsabiqənin bütün iştirakçılarına uğurlar arzulayıb.

 

“Heydər Əliyev İli” çərçivəsində belə bir müsabiqənin keçirilməsinin təqdirəlayiq bir missiya olduğunu deyən İdarə müdiri Ümummilli Liderin milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulması və inkişaf etdirilməsinin xüsusi yer tutduğunu söyləyib.

 

Müsabiqənin əhəmiyyəti barədə danışan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri İ.Əliyev məktəblilərin bu müsabiqədə iştirak etməklə hüquqşünaslıq ixtisası, onun tətbiqi və məhkəmə mühiti ilə yaxından tanış olmaq şansı əldə etdiklərini söyləyib.

 

“ELSA Azərbaycan”nın prezidenti R.Abasov, “ELSA Azərbaycan” səhnələşdirilmiş məhkəmə müsabiqələri üzrə vitse-prezident N.Hüseynzadə müsabiqə barədə ətraflı məlumat veriblər. Qeyd ediblər ki, “ELSA Azərbaycan” tərəfindən 2011-ci ildən etibarən təşkil olunan səhnələşdirilmiş məhkəmə müsabiqələri hüquq fakültəsi  tələbələrinin və hüquqşünas olmaq istəyən məktəblilərin inkişafına müstəsna töhfələr verir. Məhkəmə müsabiqələrində iştirak edən hüquq ixtisası üzrə təhsil alan tələbələr və hüquqşünas olmaq istəyən məktəblilər nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrənirlər.

 

Yasamal RİH başçısının müavini T.Muradova, məktəb direktorları, mentor tələbələr və şagirdlər səhnələşdirilmiş məhkəmə müsabiqəsinin keçirilməsinin əhəmiyyəti barədə danışıblar.

 

Daha sonra “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsinin şifahi çıxışlardan ibarət mərhələsinin dörddəbir turu keçirilib. Bu mərhələdə 2 şagird və 1 tələbədən ibarət olmaqla, ümumilikdə 8 komanda iddiaçı və cavabdeh kimi çıxış edib. Nəticədə Bakı şəhəri 20 və 83 nömrəli məktəb-liseylər, 287 nömrəli Zəkalar liseyi və 7 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komandalar qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

 

Sonra növbəti tura vəsiqə qazanan komandalar təltif olunublar.