Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-24 09:11:00
Azərbaycan beynəlxalq agentliyin idarə heyətinə üzv oldu – Nobel sertifikatlı soydaşımızdan xəbər

“Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin növbəti 62-ci baş konfransı işini bitirdi. Azərbaycan Agentliyin 2018-2020 illər üçün seçilib təsdiq edilmiş idarə heyətinin üzvlərindən biri oldu!!!”

AzEdu.az  xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışan həmyerlimiz, professor Bəxtiyar Siracov deyib.

Qeyd edək ki, bu barədə qurumun ötən gün Vyanada keçirilən baş konfransında qərar verilib. Azərbaycanın idarə heyətinin üzvü olması isə həqiqətən də uğur kimi dəyərləndirilməlidir.

Adıçəkilən qurumun idarə heyətinə yeni 11 ölkə seçilib ki, onlardan da biri Azərbaycandır.   Azərbaycanla yanaşı,  Braziliya, Ekvador, Misir, İtaliya, Mərakeş, Niger, Pakistan, İsveç, Tayland, Uruqvay da idarə heyətinə yeni seçilən üzv dövlətlərdir.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmi saytında da geniş məlumat verilib.

Qeyd edək ki, Bəxtiyar Siracov 17 ildir Beynəlxalq Atom Agentliyində (MAGATE) Azərbaycanı təmsil edir. O, hələlik orada çalışan yeganə həmvətənimizdir. Onun barəsində cəmi bir proqram hazırlanıb.

Bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirərək, onlara ümumi mükafat təqdim edir. Qazanılan pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.
2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür.