Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 20:42:11
Üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat yekunlaşdı

Üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.

AzEdu.az xəbər verir ki, fevralın 17-dən başlanan qeydiyyat mərhələsi martın 31-i saat 18:00-da tamamlanıb.


Bu müddətdə 13 min 474 şəxs qeydiyyatdan keçib. Bununla da, üçüncü "Yüksəliş" müsabiqəsinə qeydiyyat üçün müraciət edənlərin sayı ötən illərlə müqayisədə daha çox olub. Qeydiyyatdan keçənlərin 10237-si kişi, 3237-si qadındır. İkinci müsabiqəyə qeydiyyat üçün müraciət edən 6268 namizəd ilk müsabiqədə də iştirak edib.


Qeydiyyat mərhələsi ərzində bölgələrdə əhalinin “Yüksəliş” müsabiqəsinə əlçatanlığını təmin etmək, qeydiyyat mərhələsində texniki dəstək göstərmək, müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq məqsədilə fevralın 21-dən martın 15-dək “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun nümayəndələri 19 bölgəyə səfər edib. Ümumilikdə qeydiyyatdan keçənlərin ərazi üzrə bölgüsündə Bakı, Abşeron-Xızı, Lənkəran-Astara, Gəncə-Daşkəsən şəhərlərindən olan namizədlər üstünlük təşkil edir. Müsabiqədə 21-51 yaşlarında olan namizədlər iştirak edə bilərlər. Müraciət edənlər arasında 21-30 yaşında olan 5050 nəfər, 41-51 yaşında olan 1625 nəfər namizəd yer alır. Namizədlərdən 21 yaşı olan iştirakçıların sayı 33, 51 yaşında olanlar isə 10 nəfər təşkil edir.


Hazırda müsabiqənin İşçi qrupu qeydiyyatdan keçən şəxslərin qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılmasını həyata keçirir.


Qarşıda iştirakçıları ümumi biliklər üzrə onlayn mərhələnin ilk sınaq imtahanı gözləyir. İmtahanda Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok və hər bloka aid 25 sual təqdim olunacaq.


“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.


“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.


Qeyd edək ki, növbəti – üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.