Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-20 11:46:00
“Gələn il yeni modellə keçiriləcək imtahanlarda 700 ballıq nəticə gözləmirəm” – Təhsili dəyişən kurikulum

“Ənənəvi təhsil sistemində daha çox əzbərçilik hökm sürürdü. Dərsi əzbərləməklə də ali məktəbə daxil olmaq mümkün idi. Hazırki qəbul modeli isə tamamilə məntiqə əsaslanır. Əzbərləmə prosesi artıq başa çatıb”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Gədəbəy rayonu Qızılqaya kənd orta məktəbinin Coğrafiya müəllimi Tural Topçuyev deyib. Onun sözləriylə desək, kurikulum sistemi əsasında hazırlanan dərsliklər ənənəvi dərsliklərdən fərqli olaraq məntiqyönümlüdür:

“Aşağı siniflərdən kurikulum sistemi üzrə təhsil alan şagirdlər testlərin işlənməsində çətinlik çəkmirlər. Çünki onları aşağı siniflərdən müasir təhsil sistemi ilə gətirmişik. Hazırda Dövlət İmtahan Mərkəzinin hazırlayacağı toplu testlərin nəşr olunmasını gözləyirik.

Yeni qəbul modelində açıq və situasiya tipli testlərə üstünlük verilir. Bu, müasir təhsil sisteminin üstünlüyüdür. Ənənəvi təhsil sistemində daha çox əzbərçilik hökm sürürdü. Dərsi əzbərləməklə də ali məktəbə daxil olmaq mümkün idi. Hazırki qəbul modeli isə tamamilə məntiqə əsaslanır. Əzbərləmə prosesi artıq başa çatıb. Dərsləri fərdi və qrup halında,  müzakirələr şəklində təfəkkürün inkişafına əsaslanaraq qururuq. Çünki abituriyent dərsi əzbərləməli deyil, dərk etməlidir” .

Dövlət İmtahan Mərkəzi yeni qəbul modeli ilə bağlı bir sıra detalları ictimaiyyətə elan etməyib. Məlum olmayan detallardan biri də fənlər üzrə qəbul proqramına daxil ediləcək mövzuların siyahısıdır. Tural  Topçuyev Coğrafiya fənni üzrə açıqlanacaq proqrama müəyyən dəyişikliklərin edilməsi tərəfdarıdır:

“Lazımsız mövzuların proqramdan çıxarılmasını gözləyirik. Coğrafiya dünyagörüşüdür və sadəcə II blokda yer alıb. Gündəlik həyatda insanlara lazım olacaq mövzular qəbul proqramına salınmalıdır. Yeni qəbul modeli Avropa təhsil sisteminə meyl edir”.

Müsahibimiz keçənilki nəticələrlə müqayisədə bu il bütün qruplarda aşağı nəticələrin olacağını da istisna etmir:

“Ötən illərdə 700 bal toplayanlar artım dinamikası ilə inkişaf edirdi. Bu il isə 700 bal toplayan şagird gözləmirəm. Çünki situasiya testlərinə verilən yekun ballar da nəzərə alınacaq. Hətta inanmıram ki,  birinci mərhələdə  kimsə maksimum 300 balı toplaya bilsin. Ümumi balllarda geriləmə olsa da, təhsil inkişaf edəcək . Rəqabət böyüyür və kim həqiqətən savadlıdırsa, üzə çıxır”.

Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları