Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 16:18:00
Azərbaycan Universitetinin əməkdaşları işgüzar səfərdə olub

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində konsorsiumun üzvü olan ali təhsil müəssisələrinin prorektor və digər səlahiyyətli nümayəndələrinin İsveç Krallığının Stokholm şəhərinə işgüzar səfəri təşkil olunub. Azərbaycanın 16 ali təhsil müəssisəsindən 32 nümayəndənin iştirak etdiyi təlimlərdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasımov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib. KTH Kral Texnologiya İnstitutunda “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adı altında həyata keçirilən təlimlərin əsas məqsədi universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olub. 

 

AzEdu.az xəbər verir ki, təlim proqramına uyğun olaraq  İsveç Rektorlar Konfransının, İspaniya Rektorlar Konfransının, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun (EFMD), İsveçin Kral Texnologiya İnstitutunun rəhbər şəxsləri tərəfindən İsveç, İspaniya və ümumilikdə qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə təqdimatlar edilib, müzakirələr və fikir mübadilələri aparılıb. Təlimlərin gedişində Rektorlar Konfransının fəaliyyəti ilə bağlı qrup işləri də həyata keçirilib. 

 

Proqramın yekununda layihənin koordinatoru Gülşən Bayramova və ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin sədri Elçin Süleymanov tərəfindən həyata keçirilən fəaliyyətləri, qarşıda duran mühüm tapşırıqlar və komitənin gələcək fəaliyyət planı haqqında müzakirələr aparılıb.

 

Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən beynəlxalq layihənin koordinatoru Bakı Biznes Universitetidir. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.