Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 09:47:05
Ali məktəblərdə dərslik problemi: ADU-da vəziyyət necədir... - ARAŞDIRMA

Orta məktəblərdə dərsliklərin hazırlanmasından tutmuş şagirdlərə çatdırılmasına qədər müxtəlif problemlərin mövcudluğu və onların aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan qurumların ictimaiyyət nümayəndələri ilə mütəmadi müzakirələr aparması barədə məlumatlarımız var.  

Bəs ali məktəblərdə necə?..

AzEdu.az bu sahədə mövcud olan problemlər və nailiyyətlərlə bağlı silsilə yazılarla çıxış edir.

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetindəki vəziyyətlə bağlı yazılarımızı artıq təqdim etmişik. Dinləyicilərimizdən gələn reaksiyalar mövzunun həqiqətən maraqlı olmasını bir daha sübut edir və  bizi bu işi davam etdirməyə ruhlandırır.  

Dərslik məsələsi ilə bağlı budəfəki tədqiqat obyektimiz respublikamızdakı ali məktəblər arasında özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetidir (ADU).

Bu universitetin təhsil sahəsində tətbiq olunan yeniliklərin önündə getdiyi  hamıya yaxşı məlumdur. Universitetin kitabxanalarında müxtəlif xarici ölkələrdə nəşr olunmuş bədii və elmi ədəbiyyatların olması heç də təsadüfi deyil.

Bəs ADU-da dərsliklərlə bağlı vəziyyət nə yerdədir? Tələbə və magistrantlar zəruri elmi və tədris ədəbiyyatını əldə edə bilirmi? İmtahanlara hazırlaşan zaman ən çox hansı materiallardan istifadə olunur - elektron, yoxsa klassik?   Hansı yenilikləri digər universitetlərə nümunə göstərə bilərik? 


Bu və ya digər sualları cavablandırmaq üçün ADU-nun mətbuat katibi Cavid Zeynallıya  müraciət etdik: 


Müsahibimizin sözlərinə görə, Azərbaycan Dillər Universitetində tələbə və müəllimlərin dərslik, dərs vəsaiti və elmi ədəbiyyata olan ehtiyacları ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin resursları ilə təmin  edilir.

Elmi kitabxanada tələbə və magistrantların minimum ehtiyaclarını qarşılayacaq miqdarda və çeşiddə kitablar var. Bundan başqa, elektron kitabxana fəaliyyət göstərir ki, universitet onun vasitəsi ilə əsasən bədii ədəbiyyatı əldə edir. Çünki dillərin tədrisi və öyrənilməsi zamanı bədii ədəbiyyatın oynadığı rol hamıya aydındır.

Universitet əməkdaşları özü də dərslik və dərs vəsaitlərinin hazırlanmasında ciddi səy göstərir. Universitet Elmi Şurasının qərarı ilə hər bir müəllim dərs dediyi fənn üzrə müəllifi olduğu ən azıdan dərs vəsaitinə malik olmalıdır. İstifadə olunan dərs vəsaitləri və proqramlar da mütəmadi olaraq yenilənir. 

EKİXM istifadəçilərin tələbinə, sorğusuna uyğun şəkildə xidmət göstərir. ADU-da dillər (xarici) üzrə təhsil olduğundan hər dildə ədəbiyyata üstünluk verilir. 


“Tələbələrin yerli nəşr olan dərslik və dərs vəsaiti ilə təmin olumasında hec bir çətinlik yoxdur. Xaricdə nəşr olunan elmi ədəbiyyatın əldə edilməsində universitet tədqiqatçılara yardım etməyə çalışır. ADU mötəbər elmi məlumat bazalarına abunə yazlıb: EBSCO, Jstore və bu kimi məlumat bazaları bütün tədqiqatçıların istifadəsinə açıqdır.

EKİXM Dspace rəqəmsal e-kitabxana fəaliyyət göstərir ki, bura butun istifadəçilərin zaman və məkanından asılı olmayaraq açıq giriş imkanı var.Tələbə, magistrant və doktorantların, həm də professor-müəllim heyətinin elmi ədəbiyyatla bağlı problemi hiss olunmur”, - deyə C.Zeynallı bildirib.
 
Onun sözlərinə görə, EKİXM -nin fiziki kitab fondu 446894 nüsxədədir. 


“ADU mötəbər elmi məlumat bazalarına da abunə yazlıb: EBSCO, Jstore və bu kimi məlumat bazaları bütün tədqiqatçıların xarici nəşrlərdən istifadəsinə açıqdır. Bu elmi məlumat bazalarına abunə olmağımız xaricdə nəşr olunan ədəbiyyatın əldə olunması problemini aradan qaldırır”. 


Bizim əsas məqsədimiz dərslik və dərs vəsaiti ilə bağlı problemlərin mövcud olub-olmamasına dair unuiversitetin tələbələri ilə də müzakirə aparmaq idi.

Dərslik və dərs vəsiti sahəsində bu səviyyədə tədbirlər həyata keçirilən ali məktəbdə tələbə və magistrantların problem yaşamadıqlarını düşündük. Amma...

Tələbələrin qeyd etdiyinə görə, bəzi fənlərin dərsliklərdən mühazirələr müəllimlər tərəfindən onlara hazır şəkildə verilir. Ancaq bəzi tələbələrin də dediklərinə əsasən, bir çox fənn müəllimi  konkret vəsait vermir. Müəllimlər bir sıra xarici mənbələr qeyd edir və  tələbələrdən həmin mənbələrdəki vəsaiti özlərinin tərcümə edib məlumat əldə etməsini istəyir. Bu da tələbələr arasında narazılıq yaradır. Onlar bildirirlər ki, mənbələri tərcümə etmək həddən artıq vaxt apartdığı üçün dərsi öyrənməyə az zaman qalır.


Ümumən tələbələrin bir çoxu bildirir ki, universitet müəllimləri dərslikləri, mənbələri, lazımi vəsaitləri tapmaqda onlara çox kömək olurlar.


Hörmətli oxucular, bu yazımızda Azərbaycan Dillər Universitetinin dərslik, dərs vəsaiti və elmi ədəbiyyatın nəşr olunması və tələbələrin bu materiallarla təchiz olunması ilə bağlı tədqiqat apardıq. Silsilə yazımız davam edəcək. Siz də universitetlərinizdə yaşadığınız dərslik problemini işıqlandırmağımızı istəyirsinizsə, bizə qoşulun.