Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 14:31:00
Kompüterlə imtahan keçirmək məsələsi 5 ilə həll olunacaq

"Yeni binamız hazırlanır, orada 850 yer mövcuddur. Hər seansda 850 adam imtahan verə biləcək. Yəqin ki, yeni tədris ilinin əvvəlində bina hazır olacaq, tamamlanma işləri gedir. Orada imtahanları kompüter əsasında keçirəcəyik”.

 

AzEdu.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, amma buna keçid müəyyən vaxt tələb edəcək:

 

“Ola bilsin, iki növ imtahan olacaq, şagirdlər yazılı və ya kompüterdə imtahan verə biləcəklər. Bildiyim qədərilə Elm və Təhsil Nazirliyi bu istiqamətdə çox gərgin və vacib iş aparır. Bu il də 40 mindən artıq kompüter alınıb və məktəblərə paylanıb. Amma həmin məktəblərdə tədris prosesi elə qurulubmu ki, müəllim kompüter kabinetlərində lazımi səviyyədə dərs deyə bilsin? Bu dərslərin özünün quruluşu, istifadə olunan məzmun, proqramlar hansı səviyyədədir? Bunlar hamısı müzakirə mövzusudur”.

DİM sədri qeyd edib ki, bu müzakirələr tamamilə professional müstəvidə daim aparılır və diqqət mərkəzindədir:

 

“Bilirəm ki, belə araşdırmalar Elm və Təhsil Nazirliyi tərəfindən də aparılır. Biz onlarla müzakirə aparırıq ki, onların bu imtahanlardan gözləntisi nədir və onu nəzərə alırıq.

 

Mənə elə gəlir ki, iki ilə buraxılış imtahanlarının bir qismini, məsələn, rus və ingilis bölməsi üçün Azərbaycan dili imtahanını, informatika üzrə imtahanı, magistratura və rezidenturaya qəbul imtahanlarını kompüter əsasında keçirə biləcəyik. Daha kütləvi olan buraxılış və qəbul imtahanlarına gəldikdə isə burada məsələ daha mürəkkəbdir, çünki çalışırıq ki, buraxılış imtahanlarını hər bir şagird öz yaşadığı yerdən maksimum 5 kilometr uzaqlığa qədər olan mərkəzdə versin. Şagird sayına görə hər bir yerdə kompüterlə imtahanın nə vaxt ola biləcəyini indi deyə bilmərəm. Martın 5-də və 12-də keçiriləcək buraxılış imtahanlarında ümumilikdə 100 mindən çox XI sinif şagirdi iştirak edəcək. Bu sayda imtahan yeri təchiz etmək, imtahanın səviyyəsi, heç bir yerdə işığın kəsilməməsi məsələsi, bütün kompüterlərin sazlanması kifayət qədər mürəkkəb, texniki məsələdir. Mənə elə gəlir ki, 5 ilə bu məsələ də həll olunacaq. Birinci 3 ildə adam sayı 10 minə qədər olan imtahanları kompüterdə keçirəcəyik, sonra isə digər imtahanları da. Dünya bu istiqamətdə gedir, biz də təbii ki, bu istiqamətdə gedəcəyik. Bəlkə də bu proseslərdə süni intellektdən də necəsə istifadə etməyə nail olacağıq. Bu istiqamətdə kifayət qədər planlarımız var”.