Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 16:40:00
“Şagirdlərin yay düşərgəsi” layihəsi uğurla reallaşdırılır  

Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib seçilən “Şagirdlərin yay düşərgəsi” layihəsi uğurla icra olunmaqdadır.

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, oktyabrın 2-dək davam edəcək layihənin rəhbəri Müasir İnnovasiyalar Liseyinin qabaqcıl ibtidai sinif müəllimi Nurlana Əliyevadır.

Layihə çərçivəsində Xaçmaz rayonunun Nabran qəsəbəsindəki “Mayak” təlim və tədris mərkəzində üçgünlük düşərgə təşkil edilib. Düşərgədə Bakı şəhəri Səbail rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziya, Suraxanı rayonu 285 nömrəli orta məktəb və Nərimanov rayonu 177 nömrəli orta məktəbdən 25 şagird və hər təhsil ocağı üzrə qrup rəhbərləri - müəllimlər iştirak ediblər. Düşərgədə şagirdlərə müxtəlif komanda oyunları və qrup işləri vasitəsilə “Özünüifadə bacarıqları”, “Komanda işi”, “İmtahanöncəki stressdən necə azad olmaq”, “Beynəlxalq təhsil proqramları”, “Universitetlərə hazırlıq”, “Vaxtın idarə olunması” mövzularında tematik və praktik təlimlər keçirilib.

Düşərgəyə qonaq qismində müxtəlif ekspertlər dəvət olunublar. Belə ki, düşərgənin ilk günündə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev şagirdlərin görüşünə gəlib. Diskussiya şəraitində keçən görüşdə N.Ağayev şagirdlərə dəyərli məsləhətlərini verib, onlara dərslərində və gələcək həyatlarında uğurlar arzulayıb, Vətənə və millətə layiq övladlar olmalarını tövsiyə edib. Təhsil İnstitutunun baş mütəxəssisi Tofiq Sadıxov da düşərgənin qonağı olub. O, şagirdlərlə görüşdə komanda işi və özünüifadə bacarıqları haqqında danışıb.

Layihə rəhbəri N.Əliyevanın fikrincə, düşərgə gözlənildiyindən də uğurlu alınıb. Şagirdlər üç gün ərzində əylənib dincəlməklə yanaşı, həm də çoxlu dostlar qazanıb, yeni bilik və bacarıqlar əldə ediblər.