Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 15:37:03
“Azərbaycanda bu elmin bünövrəsini  mən qoymuşam”-Şahlar Əsgərov beynəlxalq uğurundan danışdı

“Azərbaycanda ekonofizikanın bünövrəsini mən qoymuşam”

Bunu AzEdu.az-a açıqlamasında sabiq millət vəkili, professor Şahlar Əsgərov deyib. Onun sözlərinə görə, ekonofizika  dünyada yeni yaranan elmdir:

“Elmin əsası 1991-ci ildə Amerikada Yevgeni Stenli adlı alim tərəfindən qoyulub. Gənc adamın cavan elmdə uğur qazanması asandır. Çünki qoca elmi o qədər tətbiq edib, araşdırıblar ki, orada yeni nəsə tapmaq çətindir. Azərbaycanda bu sahənin bünövrəsini mən qoymuşam. 2 il bundan öncə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov yeni elm sahəsi olduğuna görə, bura maraq göstərdi və öz jurnallarında Azərbaycan-ingilis dillərində iki məqalə çap etdirdi. Özüm də bilmədən Amerikanın bir jurnalından məqaləni genişləndirmək barədə təklif aldım. Məqaləni genişləndirib göndərdim. Dünən məktub aldım ki, məqalə “Menecment” jurnalının sentyabr-oktyabr nömrəsində çap olunacaq”.

Şahlar Əsgərov ekonofizika elminin mahiyyəti barədə də danışıb:

“Ekonofizika iqtisadi problemləri fiziki düsturlarla və anlayışlarla həll edir. Bəzən, fiziklər bu sahəni fizikanın müstəqil sahəsi adlandırırlar. İqtisadçılar isə iqtisadiyyatın bir sahəsi olaraq görürlər. İngilis dilini bilən gənclərə tövsiyə edirəm ki, ekonofizika ilə maraqlanıb bu sahədə böyük uğurlar qazansınlar.

50 ildir ki, iki sahəni mükəmməl tətqiq etdim. Bunlardan biri katot tozlanmasıyla bağlı olub. Tək cismin mikrostrukturundan asılı olaraq katot tozlanma müxtəlifdir. Monokristalların tozlanması polikristalların tozlanmasından fərqlidir. Monokristalda tozlanma xətti qanunla, polikristallarda qeyri-xətti qanunla gedir.

Bazar iqtisadiyyatında monopoliya ilə rəqabət qarşılıqlı təsirdədir. Monopoliya ilə rəqabət arasında iqtisadiyyatda aydın münasibət yoxdur. Amma fizika tərəfdən yanaşanda hər şey aydın olur. Monopoliya bazar iqtisadiyyatının ilkin variantıdır, rəqabət isə sonradan yaranmadır. Necəki katot tozlanmada kristallar xətti qanunla dəyişirdi, eləcə də monopoliyada da  istehsal xətti qanunla dəyişir. Rəqabətdə istehsal qeyri-xətti qanunla dəyişir. Eyni zamanda polikristalların tozlanması da qeyri-xətti qanunla dəyişirdi. Katot tozlanmasında xətti qanunun qeyri-xətti qanuna keçidinin səbəbini araşdırmışdım. Bazar iqtisadiyyatında da bunu etmək lazım idi. Çünki istehsal xətti qanunla gedəndə inkişaf olmur. İstehsalın olması üçün xətti qanun qeyri-xətti qanuna çevrilməlidir. Xətti qanunla bu ay müəssisə 100 kostyum tikibsə, gələn ildə 100 dənə tikəcək. Bu keçidi fizika qanunlarının əsasında iqtisadiyyata gətirdim. İqtisadiyyatda inkişaf etmək üçün rəqabəti gücləndirmək, istehsalı artırmaq üçün hökmən eyni mal istehsal edən firmaların sayını çoxaltmaq lazımdır. Bu onların arasında rəqabətə səbəb olacaq. Rəqabət də yeniliklərin yaranmasını təmin edəcək. Xətti qanundan qeyri-qətti qanuna keçid baş verəcək. Keçidi təmin edən ikici məqam isə monopoliyaya əleyhinə qanunun qəbul edilməsidir”.

Xatırladaq ki, ABŞ –ın Managment  Studies  jurnalının sentyabr-oktyabr aylarında dərc olunacaq nömrəsində Şahlar Əsgərovun “The Study of the Market Economy Problem by the Method of Econophysics” məqaləsi çap ediləcək. Bu ekonofizika sahəsində Azərbaycandan çap olunan ilk məqalədir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları