Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 00:09:56
Məleykə Abbaszadə Prezidentə məktub YAZDI

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Şərəf” ordeni ilə təltif edildiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

AzEdu.az xəbər verir ki, M.Abbaszadə məktubda yazıb:

“Möhtərəm cənab Prezident! 

Təhsil sahəsində fəaliyyətimə yüksək qiymət verərək məni “Şərəf” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu təltifi təkcə mənim əməyimə deyil, eyni zamanda Dövlət İmtahan Mərkəzinin kollektivinin gördüyü işlərə verilən yüksək mükafat hesab edirəm.

Təhsili millətin gələcəyi hesab edən, gənc nəslin yaxşı təhsil almasını, yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini ölkəmizin inkişafı üçün çox vacib sayan ümummilli lider Heydər Əliyevin uğurlu təhsil strategiyası bu gün Sizin tərəfinizdən ardıcıl olaraq həyata keçirilir və daha da inkişaf etdirilir. Sizin diqqət və qayğınız nəticəsində son illər digər sahələrlə yanaşı təhsil sahəsində də ciddi nailiyyətlər əldə olunub, milli təhsil sistemimizin uğurlu gələcəyini təmin etmək, təhsilin dayanıqlı inkişafına nail olmaq üçün bir sıra proqramlar qəbul olunub və həyata keçirilib, məqsədyönlü tədbirlər görülüb.

Biz əminik ki, Azərbaycanımız Sizin rəhbərliyiniz altında daha da inkişaf edəcək, onun qüdrəti və dünyada nüfuzu daha da artacaq. Sizə uzun ömür, cansağlığı, Azərbaycanı yeni zirvələrə doğru aparan şərəfli tarixi missiyanızı həyata keçirmək yolunda davamlı uğurlar arzulayıram.

Sizə bildirmək istəyirik ki, Dövlət İmtahan Mərkəzinin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcək, ölkəmizdə təhsil sahəsinin inkişafı, təhsilin qiymətləndirilməsi sisteminin daha da təkmilləşdirilməsi üçün əlindən gələni əsirgəməyəcək".