Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 11:50:31
Xəzər Universitetinin 75 yaşlı sahibi – Məşhur qaçağın nəvəsi...

Bu gün tanınmış elm xadimi, professor Hamlet İsaxanlının yubileyidir.

AzEdu.az
xəbər verir ki, Hamlet İsaxanlı 75 yaşını qeyd edir.

Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qardabani (keçmiş Qarayazı) rayonunun Kosalı kəndində anadan olub. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1970-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1970-ci ildə Nailə Əsgərli ilə evlənib. 

1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərilib və 1973-cü ildə "Operator dəstələrin spektral nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

1973-1983-cü illər ərzində H.İsaxanlı Moskva və Bakıda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ.Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışıb, elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul olub.

Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki  Neft və Sənaye Universitetində) və Leninqrad Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərib.

O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası V.İ. Steklov adına Riyaziyyat İnstitutunda “Çoxparametrli spektral nəzəriyyənin bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alim-lik dərəcəsi alıb; bir qədər sonra isə Sovet Ali Attestasiya Komitəsi tərəfindən professor adına layiq görülüb.

1991-ci ildə İngilisdilli Azərbaycan Universitetinin yaranmasına təşəbbüs göstərib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 1991 tarixli qərarı ilə rəsmi status alan Xəzər Universitetini təsis edib, Azərbaycanın ilk özəl universitetinin qurucusudur.

Hamlet İsaxanlı şair kimi də tanınır.

Azərbaycanda, Rusiyada, Çində, İranda, Gürcüstanda, Pakistanda və digər ölkələrdə şeir kitabları, jurnal, qəzet və poetik toplularda şeir və poemaları nəşr olunub. Onun şeirləri rus, ingilis, çin, gürcü, eston, türk və digər dillərə tərcümə olunub.

Hamlet İsaxanlı cəmiyyətdə həm də  şair, tərcüməçi, publisist, dilçi və ədəbiyyatşünas kimi də məşhurdur.

Qeyd edək ki, o, 1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir.