Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 10:40:00
İslam dünyasının ən möhtəşəm universiteti - Əl-Əzhər

Misirin Qahirə şəhərində yerləşən Əl-Əzhər Universiteti İslam dünyasının ən qədim və ən böyük universitetidir.

Əl-Əzhər Uiversiteti təkcə müsəlman Şərqində deyil, bütün dünyada ən qədim universitetlərdən biridir. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır.

AzEdu.az xəbər verir ki, Əl-Əzhər Universitetinin əsası 970-cu ildə Misir Fatimiləri dövründə qoyulub. O, əvvəlcə universitet kimi deyil, cümə məscidi kimi inşa edilib.

Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli 969-ci ildə son İxşidi hökmdarı Əhmədi (968–969) taxtdan salaraq Qahirəyə  daxil olub. Misirdə Fatimilər öz paytaxtlarını salmaq istədilər və Qahirəni tikməyə başladılar. Əl-Əzhər də həmin vaxt inşa edilib. Tikinti işləri iki il davam edib və 972-ci ildə məscid ilk dəfə namaz qılanlara qapılarını açıb. Fatimi xəlifəsi Müizz Lidinillah (953–975) Qahirəyə gəldikdən sonra Əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəz olub. Baş qazı Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 975-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərslərini deməyə başlayıb. Onun dinləyiciləri çox idi.

Əl-Əzhər məscidi tədricən elm və tədris müəssisəsinə, ənənəvi (nəqli) və rasional, dini və dünyəvi elmlər mərkəzinə çevrilib. Artıq 988-ci ildə Əl-Əzhər müstəqil universitet kimi fəaliyyət göstərib. Fatimilərin süqutu və Qahirənin Səlahəddin Əyyubinin hakimiyyəti altına keçməsi ilə Əl-Əzhardə dərslər bir müddət dayandırılsa da, müəyyən islahatlardan sonra universitet yenidən dirçəlmiş və fəaliyyətini davam etdirmişdir.

Bütün min illik tarixi boyu Əl-Əzhər fəaliyyətində aşağıdakı prinsipləri əsas götürüb:

  • universitet İslam elmlərini öyrənmək və İslamın tədqiqi ilə məşğul olmaq istəyən hər bir tələbənin üzünə açıqdır;
  • universitet müsəlmanlar üçün intellektual mərkəz, İslamın təbliği və tədrisi ilə məşğul olan elm müəssisəsidir;
  • universitet öz tələbələrinə həm dini, həm də dünyəvi biliklər verir;
  • universitet müstəqil elmi araşdırmalar aparır, ərəb və müsəlman dünyası üçün İslam sahəsində yüksək ixtisaslı dini kadrlar hazırlayır, elmi dərəcələr verir;
  • universitet dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri ilə sıx elmi əlaqələr saxlayır, müəllim və tələbə mübadiləsi aparır, elmin ən yeni nailiyyətlərini təbliğ edir.

1961-ci ildən etibarən Əl-Əzhər Universiteti Qahirədə qızlar üçün də xüsusi tədris şöbələri açıb. Hazırda Əsyut şəhərində də belə bir şöbə fəaliyyət göstərir. Universitetin tibb, ticarət, elm, sinxron tərcümə, əczaçılıq, iqtisadiyyat fakültələri, habelə İslam və Ərəb araşdırmaları mərkəzinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əl-Əzhər Universitetində tədris əsasən ərəb dilində aparılır. Lakin tələbələr başqa mühüm dilləri də öyrənirlər.

Qədim tarixə malik olan – 975-ci ildə təsis edilmiş Əl-Əzhər Universiteti bu gün dünyanın ən böyük ali təhsil ocaqlarından biridir. Hazırda universitetdə dünyanın 115 ölkəsindən 500 mindən çox tələbə təhsil alır. Onların 60%-i oğlan, 40%-i qızdır. Hər il universiteti orta hesabla 13827 nəfər tələbə və 8770 aspirant bitirir. Təkcə Qahirədə oğlanlar üçün 40, qızlar üçün 14 fakültə vardır.

Qahirənin əl-Hüseyn məhəlləsində yerləşən tarix fakültəsinə əd-Dəva  və ya İslam çağırışı - İslam missionerliyi, Üsuliddin -Dinin əsasları - İslam ilahiyyatı, Ərəb dili və Şəriət şöbələri daxildir. Bu gün Əl-Əzhər Universitetinin ayrı-ayrı fakültələrində bütün İslam dünyasından, o cümlədən Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr təhsil alır.

Hazırda Əl-Əzhərdə Azərbaycandan olan tələbələrin də təhsil alması barədə məlumat var. Amma Türkiyədən olan tələbələrin sayı daha çoxdur. Universitetdə Türkiyədən olan müəllimlər də yetərincədir.

Əl-Əzhər Universitetini bitirdikdən sonra Azərbaycana qayıdan mütəxəssislər barədə məlumat azdır. Bu universiteti bitirən azərbaycanlılar belə Yaxın Şərq ölkələrində qalıb işləməyi üstün tuturlar.

Bu gün Əl-Əzhərin məzunlarına bütün İslam ölkələrində rast gəlmək olar.

Yeri gəlmişkən, “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini həyata keçirir.

Diaspor birliyinin fəal üzvü İnarə Osmanova universitetin humanitar fənlər fakültəsinin türk dili bölməsində Azərbaycan dilini tələbələrə tədris edir. O, 6  ildir ki, bu ali təhsil ocağında ictimai əsaslarda tələbələrə ana dilimizi öyrədir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir.

Məlumatlara görə, Azərbaycan dili dərslərində 100-ə yaxın tələbə iştirak edir.

Azərbaycandan olan tələbələrin Əl-Əzhərdə oxumağı üstün tutmamalarının səbəbi onun yerləşdiyi ölkənin uzaq olması ilə də əlaqələndirilə bilər. Digər tərəfdən, təhsil şərtlərinin ağır olması da bizim vətəndaşların orada oxumasını çətinləşdirir.