Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 09:28:41
Məleykə Abbaszadənin yubileyi - DİM sədri hansı yolu keçib...

Bu gün – 23 fevral tarixi Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin doğum günüdür.

AzEdu.az xəbər verir ki, Məleykə Mehdi qızı Abbaszadə (Mustafayeva) 1953-cü il fevralın 23-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin olunub. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib. 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb.

1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987‑1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.

1990-cı ildə Azərbaycan «İstedad» assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib. Bu dövr ərzində Assosiasiya tərəfindən respublikada istedadlı uşaq və gənclərin aşkara çıxarılması üçün zəruri olan elmi-metodiki əsaslar müəyyən edilmiş, bu sahədə ən son beynəlxalq təcrübənin tətbiqi üçün yeni tədris metodikalarının hazırlanması təşkil edilib. Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı nəticəsində Bakı Avropa Liseyi yaradılıb.  

M. Abbaszadə 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini, 2000-ci ildən 2016-cı ilədək TQDK-nın sədri vəzifəsində çalışıb.

2016-cı ilin aprelin 12‑də isə ölkə Prezidentinin sərəncamı ilə yeni yaradılmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub və hal-hazırda bu vəzifəni icra edir.

Bu qurumda M.Abbaszadənin rəhbərliyi və bilavasitə iştirakı ilə 1994-cü ildən fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilib, sonrakı il bütün fənlər üzrə ekspert şuraları və test bankları yaradılıb, tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib ictimaiyyətə çatdırılması, imtahanların nəticələrinin hər il ayrı-ayrı bölgələrdə keçirilən konfranslarda pedaqoji kollektivlərlə birlikdə müzakirə edilməsi ənənə şəklini alıb.

Abituriyentlərə kömək məqsədilə hazırlıq kursları təşkil edilib.

Azərbaycanda İKT-ni tələbə qəbulu kimi kütləvi prosesin idarə olunmasına tətbiq edən ilk təşkilat olan TQDK-da M.Abbaszadənin təşəbbüsü ilə xüsusi proqram-aparat vasitələrindən ibarət, insan faktorunu mümkün qədər aradan qaldırmağa imkan verən qapalı texnoloji dövrələr yaradılıb, bütün daxili proseslər avtomatlaşdırılmış, sistemin hər hansı xarici müdaxiləni istisna edən intellektual müdafiəsi qurulub. 1996-cı ildə test bankının idarə edilməsi, bankdan testlərin seçilməsi və imtahan üçün formalaşdırılması prosesi avtomatlaşdırılıb, dövlət qurumları arasında ilk dəfə olaraq geniş auditoriyanı əhatə edən prosesləri (sənəd qəbulu, imtahanla bağlı olan məlumatların əldə olunması və s.) internet vasitəsilə həyata keçirməyə başlayıb.

M.Abbaszadənin rəhbərliyi altında bu gün ən kütləvi tirajla dərc olunan nəşrlərdən biri - “Abituriyent” jurnalı yaradılıb. Redaksiya şurasının üzvü olduğu jurnalda dərc edilən elmi-metodiki materialların çoxu M.Abbaszadənin bilavasitə iştirakı ilə hazırlanır. O, 1994-cü ildən başlayaraq qəbul imtahanlarının nəticələrinin elmi-metodiki təhlilinə həsr olunan “Abitiriyent” jurnalının yekun 12-ci buraxılışında dərc edilən silsilə məqalələrin müəllifi, jurnala əlavələr kimi nəşr edilən 100-ə yaxın müxtəlif adda dərs və metodiki vəsaitlərin həmmüəllifidir.

Əhalinin abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə M.Abbaszadənin təşəbbüsü ilə respublikanın 8 bölgəsində TQDK-nın regional mərkəzləri açılıb, qəbul imtahanlarının ölkənin 11 bölgə mərkəzində keçirilməsinə başlanılıb.

 

M.Abbaszadə TQDK-ya rəhbərlik etdiyi dövr ərzində qurum bir sıra mühüm, dövlət əhəmiyyətli layihələrin icraçı təşkilatçısı olub.

Məleykə Abbaszadə ölkə Prezidentinin 25 fevral 2013-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində müasir texnologiyaların səmərəli tətbiqinə görə “Şöhrət” ordeni, 21 fevral 2023-cü il tarixli sərəncamı ilə isə təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

2019-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə M.Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü təyin edilib.

M.Abbaszadə 60-dək elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.

İki övladı, beş nəvəsi var.

Bu gün Məleykə Abbaszadənin yubileyidir, onun 70 yaşı tamam olur.

AzEdu.az təhsil portal DİM sədrini təbrik edir, işlərində uğurlar arzulayır.