Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 16:35:00
BMU-da Xocalı qurbanları anılıb

Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası BMU ərazi partiya təşkilatı ilə birgə gerçəkləşdirilən mərasimdə şəhid ailələri, müharibə qaziləri, universitetin müəllim və tələbə heyəti iştirak edib.

 

 Dövlət Himninin səsləndiriliməsi ilə başlayan tədbirdə torpaqlarımız yolunda canından keçən şəhidlərin, Xocalı faciəsinin günahsız qurbanlarının, eyni zamanda Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

“Xocalı-əsrin faciəsi” adlı videoçarxın nümayişindən sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov son iki əsrdə ermənilərin ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti apardıqlarını önə çəkib və tarixi faktları vurğulayıb. Xocalıda dinc əhaliyə qarşı xüsusi amansızlıqla törədilmiş dəhşətli genosiddən danışan Havar Məmmədov həmin vaxt Xocalıdakı özünümüdafiə qüvvələrinin son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdiyini söyləyib.

 

Xocalıya heç bir kömək olmadığından həmin əhalinin böyük bir hissəsinin erməni vəhşiliyinin qurbanı olduğunu deyən və o dövrdəki hakimiyyətin səriştəsizliyindən bəhs edən rektor ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini nəzərə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması yönündə aparılan işləri xatırladan Havar Məmmədov xüsusilə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun soyqırım haqqında faktların dünyaya çatdırılması istiqamətindəki sistemli və ardıcıl fəaliyyətinin nəticələrini sadalayıb. Vətən müharibəsində qazanılan böyük qələbə ilə Xocalı faciəsinin qısasının alındığını fikirlərinə əlavə edən Havar Məmmədov, bu dəhşətli soyqırımı, bütövlükdə tariximiz barədə əsl həqiqətlərin gələcək nəsillərə çatdırılması üçün daim iş aparılmasının vacibliyini bildirib.

 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlər sırasında Xocalı soyqırımının öz qəddarlığı ilə xüsusi seçildiyini diqqətə çatdırıb. İcra Hakimiyyətinin başçısı hadisələrin beynəlxalq müstəvidə lazımınca qiymətləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlar, Vətən müharibəsində qazanılan tarixi qələbə ilə alınan qısasdan, eyni zamanda, Prezident İlham Əliyevin tapşırıqları əsasında dövlət səviyyəsində müharibə əlilləri, şəhid ailələri və qazilərimizə göstərilən diqqət və qayğıdan danışıb. Millət vəkili Fazil Mustafa çıxışında erməni millətçilərinin məkrli və planlı siyasəti nəticəsində zaman-zaman xalqımıza qarşı davamlı, mərhələli, kütləvi qırğınlar törədildiyini önə çəkib. Bütün bu soyqırım aktlarının baş verməsində həmin dövrlərdə dövlətin zəifliyinin böyük rol oynadığını deyən Fazil Mustafa indiki güclü Azərbaycan dövlətinin daha da qüdrətlənməsi üçün hər bir fərdin üzərinə düşən vəzifələrə toxunub. Xocalı və digər faciələrimizdən ibrət dərsi almalı olduğumuzu vurğulayan millət vəkili Vətən müharibəsindən sonra qalib Azərbaycan dövlətinin bütün müstəvilərdə üstün mövqeyə sahiblənməsindən, güclü dövlətə malik xalqımıza qarşı artıq belə soyqırım aktlarının həyata keçirilməsinin mümkünsüzlüyündən və bunun dəyərini anlamağımızın vacibliyindən bəhs edib. Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən ermənilərin azərbaycanlıları dəfələrlə öz doğma yurdlarından zorla köçürülməyə məruz qoyduğunu bildirib. Millət vəkili xalqımıza qarşı məqsədli etnik təmizləmə və deportasiya siyasəti həyata keçirdiyini, eyni zamanda bəşəriyyət tarixində qanlı izlər buraxan genosidlər törətdiyini, nəhayət, bütün bunlara Vətən Müharibəsində qazanılan şanlı zəfərlə son qoyulduğunu deyib. Ramil Həsən, eyni zamanda, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı etdiyi çıxışın bir sıra istiqamətlərinə diqqət çəkib və yeni gələn nəslin üzərinə düşən vəzifələrə toxunub.