Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 11:47:00
Rektor yubiley yaşını QEYD EDİR

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, texnika elmləri doktoru, Əməkdar elm xadimi, professor Mustafa Babanlının 55 yaşı tamam olur.

 

AzEdu.az xəbər verir ki, Mustafa Babanlı 1968-ci il fevral ayının 21-də anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbini, 1989-cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1993-cü ildə, vaxtından əvvəl “Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi, daha sonra isə texnika elmləri doktoru elmi dərəcəsi alıb.

Ali məktəbi bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasında “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda əmək fəaliyyətinə başlayan Mustafa müəllim 1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında əvvəlcə assistent, 2001-2010-cu illərdə dosent, 2010-2015-ci illərdə professor vəzifələrində işləyib. 2010-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

 

ADNSU-da fəaliyyət göstərdiyi müddət ərzində professor Mustafa Babanlı bu qocaman təhsil ocağının IV Sənaye İnqilabının çağırış və tələblərinə uyğun müasir, innovativ təhsil məkanına transformasiya olunmasına nail olub. Müasir ixtisaslar və tədris proqramlarının tətbiqi, tədrisə əcnəbi və yerli gənc mütəxəssislərin cəlb ediıməsi, elmin inkişafında əldə olunmuş yüksək nəticələr adi bir həqiqəti nümayiş etdirir – rektor sadəcə olaraq vəzifə deyil, rektor – həyat tərzidir. Müasir biliklərə, innovativ keyfiyyətlərə, elmi-analitik düşüncəyə sahib olan Azərbaycan vətəndaşı yetişdirmək Mustafa müəllimin əsas amalıdır və bunun naminə göstərdiyi yorulmaz və fədakar fəaliyyəti onun həyat tərzidir.

 

Gənc nəslin fundamental elmi biliklərə, innovativ və kreativ düşüncə tərzinə malik yüksək ixtisaslı kadrlar kimi formalaşması naminə əzmlə çalışdığına görə, professor Mustafa Babanlı, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə “Əməkdar elm xadimi” adına layiq görülüb.

 

AzEdu.az Mustafa Babanlını 55 illik yubileyi münasibətilə təbrik edir, ona Azərbaycanda texniki və mühəndis təhsilinin inkişafına yönəlmiş fəaliyyətində uğurlar arzulayır!