Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 18:00:00
“Situasiya mühakimə testlərinin hazırlanması” təlimi keçirilib

17 fevral 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında, bununla yanaşı, “Yüksəliş” müsabiqəsində namizədlərin qiymətləndirilməsi üçün istifadə olunan tapşırıqlarla bağlı “Situasiya mühakimə testlərinin hazırlanması” mövzusunda təlim keçirilib.

 

AzEdu.az DİM-in saytına istinadən xəbər verir ki, 86 nəfərin qoşulduğu təlimdə mütəxəssislər, müxtəlif qurumların, eləcə də DİM-in əməkdaşları iştirak ediblər.

 

Təlim DİM-in “Psixoloji qiymətləndirmə və diaqnostika” şöbəsinin əməkdaşı Anar Cəfərov tərəfindən keçirilib. Təlimdə səriştə anlayışı, situasiya mühakimə testlərinin strukturu, növləri, tətbiq sahələri və bu mövzu ilə bağlı digər məqamlar haqqında iştirakçılara ətraflı məlumat verilib, həmçinin situasiya mühakimə testlərinə aid nümunələr təqdim edilib. Qeyd edək ki, situasiya mühakimə testləri əməkdaşların işə qəbulu və fəaliyyətinin qiymətləndirilməsi üçün istifadə olunan əsas psixometrik alətlərdən biridir. 

 

Təlimin sonunda iştirakçıların təəssüratlarını öyrənmək məqsədilə sorğu keçirilib.

 

Xatırladaq ki, qeyd olunan mövzu üzrə DİM tərəfindən növbəti təlimlərin təşkil olunması davam etdiriləcək.