Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 12:40:00
Pekin Universiteti Rəisiyə Fəxri Doktor adını niyə verdi...

Çin Xalq Respublikasına səfərinin ikinci günü İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi paytaxtda yerləşən və bu ölkənin ən böyük universiteti hesab olunan Pekin Universitetinə gedib. O burada alimlər və professor – müəllim heyəti ilə görüşüb. İran Prezidentini çinli tələbələr fars dilində şeir oxumaqla salamlayıblar.

AzEdu.az xəbər verir ki, Rəisinin bu səfəri 20 ildən sonra İran Prezidentinin Çinə ilk səfəridir. Səfər üç gün gün davam edəcək. Səfərdən məqsəd İranla-Çin arasında münasibətlərin daha da inkişaf etdirilməsi, iki dövlət arasında mövcud olan müqavilələrin aktivləşdirilməsinə təkan vermək və yeni müqavilələr imzalamaq olduğu bildirir. İranın bu səfərdən gözlədiyi əsas məqsəd Amerika Birləşmiş Ştatları və Avropa ölkələri tərəfindən İrana tətbiq olunan sanksiyaların Çin vasitəsi ilə aradan qaldırılmasına nail olmaqdırsa, Çinin  istəyi Amerika Birləşmiş Ştatları ilə qarşıdurmada müttəfiqlərinin sayını artırmaqdır.

Pekin Universitetində İran Prezidenti olduqca təntənəli qarşılanıb. O professor müəllim heyəti qarşısında çıxış edərək  İranla Çin arasındakı mövcud münasibətlər və İranın nüvə proqramı ətrafında  gedən proseslər barədə geniş məlumat verib. İbrahim Rəisini ikitərəfli münasibətlərin inkişafı istiqamətində göstərdiyi xidmətlərə, regionda sülh və əmin-amanlığın möhkəmləndirilməsi sahəsində göztərdiyi fəaliyyətə görə Pekin Universitetinin Fəxri Doktoru adı ilə mükafatlandırıblar. Pekin Universitetinin rektoru Hao Ping mükafatı təqdim edərkən qeyd edib ki, bu mükafat Pekin Universitetinin Elmi Şurasının qərarı ilə təsdiqlənib.

Beynəlxalq münasibətlər və ikitərəfli əlaqələr sahəsində bu və ya digər dövlət nümayəndələrinin qonaq olduğu ölkələrdə tanınmış universitetlər tərəfindən Fəxri Doktor ünvanı ilə mükafatlandırılması tez-tez tətbiq olunan hadisədir. Bu zaman Fəxri Doktor seçilən şəxs rəsmi dövlət xadimi statusu daşımaqla elm və təhsil sahəsində də yetərli fəaliyyətə sahib olmalıdır. Eyni zamanda, Fəxri Doktor titulu daşıyacaq şəxs həm də sülh və əmin-amanlığın möhkəmləndirilməsi sahəsinə töhfə vermis olmalıdır.

İran Prezidenti Rəisinin sadaladığımız bu xüsusiyyətlərdən heç birinə malik olmadığı göz qabağındadır. O hələ Prezident olmamışdan qabaq İranın Ədliyyə naziri kim fəaliyyət göstərərkən də İran xalqına divan tutması ilə ad çıxarmış, hətta ləqəb də qazanmışdı. Son yarım ildə də İranda baş verən qarşıdurma zamanı da dinc nümayişçilərə divan tutulmasında bir prezident, dövlət rəhbəri kimi onun özünəməxsus xidmətləri var. Bu qarşıdurma zamanı dağntılara məruz qalan binalar məhz universitetlərin tədris korpusları idi, öldürülən, həbsxanalara atılan gənclərin əksər hissəsi tələbələr təşkil etmişdi. Universitet korpuslarını dağıdan, tələbə gəncləri atəşə tutaraq qətlə yetirməkdən çəkinməyən ölkənin Prezident sülh və əmin-amanlığın möhkəmləndirilməsi və elm sahəsində xidmətlərinə görə Fəxri Doktor ünvanına layiq görülür. Fransa karikatura juranlı Charlie Hebdo üçün mükəmməl mövzudur: Bir əlində “”Kalaşnikov” avtomatı ilə tələbələrə atəş açan Rəisi, digər əli ilə Pekin Universitetinin təqdim etdiyi Fəxri Doktor diplomunu alır.

Rəisinin universitet professoru,  bir alim kimi də fəaliyyəti barədə  heç yerdə məlumat yoxdur. Belə olan halda Pekin Universiteti kimi dünyanın ən nüfuzlu ali məktəbi tərəfindən İran Prezidentinə Fəxri Doktor adı verilməsi başadüşülən deyil. Belə görünür ki, ya biz İbrahim Rəisini yaxşı tanımırıq, ya da öz xalqına divan tutmaqla ad qazananlar Çin dövlətinin nəzərində yüksək mükafatlara layiq olan şəxslərdir.

Əlimusa İbrahimov