Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 11:05:00
"Bu metod bütün bağçalarda istifadə olunur" - Azadə Əhmədova

Uşaqların sağlam inkişafı üçün müntəzəm yuxuya ehtiyacı var. Fasiləsiz yuxu uşaqların fiziki inkişafı baxımından çox vacibdir. Buna görə körpələrə verilən yuxu tərbiyəsi önəmlidir. Bəs bağçalarımızda uşaqların yuxu rejiminə necə diqqət göstərilir?

 

AzEdu.az-ın budəfəki müraciətini cavablandıran məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Azadə Əhmədova bəzi uşaqların bağçaya adaptasiya dövründə çətinlik yaşadığını bildirib:

 

“Yuxu çox vacib faktordur.Uşaqların fiziki və psixoloji sağlamlığına müsbət təsir göstərir. Ona görə də uşaqların yuxu rejiminə xüsusi diqqət yetirmək lazımdır. Bildiyimiz kimi, uşaq bağçaları 1 yaşdan 6 yaşa kimidir. Körpələr əksər hallarda rahat yatırlar, ən çox yuxu problemi olan uşaqlara yuxarı yaş qruplarında rast gəlirik. Əgər uşaq bağçaya 2 yaşından gəlirsə, onlar adətən yuxarı yaş qruplarına keçdikcə, yuxu rejimlərində heç bir problem yaşamırlar. Böyük yaşda gələn uşaqlarda isə bu problem həqiqətən olur, onlar yatmaq istəmirlər. Çünki onların adaptasiya dövrü var. Hansı yaşda olmaqlarına baxmayaraq uşaq bağçaya adaptasiya olmalıdır”.

 

Müəssisə rəhbəri valideynlərin də diqqət etməli olduqları məqamları vurğulayıb:

 

“Bu uyğunlaşma müddətində valideynlərə təklif edirik ki, uşağı bir həftə müddətində bağça rejiminə evdə hazırlasınlar. Normalda uşaqlar 1 həftə ərzində bağça mühitinə adaptasiya olurlar, ən çətin uşaq üçün isə maksimum 2 həftə bəs edir. Ümumiyyətlə, onu qeyd edim ki, ayrıca yuxu tərbiyəsi metodu yoxdur. Əgər bir həftə keçməsinə baxmayaraq uşaq yuxu rejiminə öyrəşə bilmirsə, bu zaman valideyndən onun sevdiyi bir əşyasını, oyuncağını gətirməsini istəyirik. Elə uşaqlar var ki, ən sevdiyi əşyası dəsmalı, çantası və ya ədyalı olur. Uşaq ona əziz olan həmin əşyanı qucaqlayır və yuxuya gedir. Mən bilirəm ki, bu metod bütün bağçalarda istifadə olunur. Bəzən 4 yaşında uşaq gəlir ki, qucaqda və ya ayaqda yatmağa öyrəşib. Bağça elə bu uşaqlar üçündür ki, həmin vərdişlərini tərgitsinlər və digər uşaqlara baxıb onlara uyğunlaşsınlar. Bağçalar uşaqları sərbəstləşdirmək və sosiallaşdırmaq üçündür”.