Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 09:31:00
İnformatika fənni üzrə hazırlıq kursunun sonuncu məşğələsi keçirilib

13 fevral 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun sonuncu məşğələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.

 

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Hazırlıq kursunda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Tibb Universitetinin dosenti İsmayıl Qafarov, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin müəllimi Naidə İsayeva, Azərbaycan Dillər Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri Fikrət İbiyev, AMEA-nın aparıcı elmi işçisi Anar Rəhimov, Bakı Dövlət Universitetinin müəllimi Yadigar Əliyev də iştirak edib.

 

Osman Gündüz qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi üçün bu kursun əhəmiyyəti haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 

Moderator – Anar Rəşidov kurs iştirakçılarının ev tapşırığı kimi təqdim etdikləri tapşırıqların müzakirəsini aparıb. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Növbəti həftədə iştirakçılar kursun nəticəsi olaraq imtahan ediləcək.

 

İştirakçıların cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesi növbəti hazırlıq kursunun iştirakçıları ilə birgə təşkil olunacaq. İmtahandan və kalibrləmədən uğurla keçmiş iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlar cavabı yazı ilə ifadə olunan tapşırıqların yoxlanılmasına (marker kimi) cəlb olunacaqlar.